Kimin dediyini unutmuşam: “kino darıxdırıcı yerləri çıxarılmış həyatdı». Nuri Bilgə Ceylanın çəkdiyi «Bir zamanlar Anadoluda» filmində sanki heç nə çıxarılmayıb, amma darıxdırıcı deyil. Öz həyatın kimi yaşadığın bir filmdi «Bir zamanlar Anadoluda». Burada heç nə təsadüfi deyil və eyni zamanda hər şey təsadüfidir, yəni həyatidir, həyatda da eynən belədir.
Süjet sadədir: məhkəmə tibb ekspertindən, polis rəisindən, qatildən, müstəntiqdən və köməkçilərdən ibarət istintaq qrupu meyitin basdırıldığı yeri axtarıb tapır, protokollaşdırır, meyiti yarıb tibbi arayış hazırlayırlar. Amma süjet həm də çoxqatlıdır: soyuqqanlıqla öz işini görən bu adamların özünün soyumayan, daim isti, ölümcül yaraları var. Bəlkə də artıq ölüblər. Onlar bir istintaq işində iştirak edirlər, amma hər kəs öz cəzasını çəkir. Hər aktyor öz qəhrəmanının həyatını oynayır. «Bir zamanlar Anadoluda»da aktyorlar mükəmməldirlər.
İstintaq qrupu meyiti tapıb çıxardır, torpaqdan təmizləyir, yarır. Diqqətli tamaşaçısa bu zaman onların - həkimin, müstəntiqin, rəisin - həyatında “qazıntı” aparır, onların necə canlı meyit olduğunu görür, «torpaqdan təmizləyir».
«Bir zamanlar Anadoluda» həyatın özü kimi təsadüfi detalların çoxluğu ilə uzanır, amma elə həyatın özü kimi burada təsadüfi heç nə yoxdur. Detallar çox sadə və təbiidir, söhbətlər canlıdır. O qədər canlı ki, elə bil o adamlara qoşulub qatilin meyiti basdırdığı yerləri gəzirsən, söhbətlərdə iştirak edirsən. Məsələn, sürücü dərdiyi yemişi avtomobilin baqajına - meyitin yanına qoyur. Çünki onun üçün meyit daşımaq sıradan bir hadisədir, ondan çiyrinmir. Qatil suallara adi məntiqlə cavab verir. Çünki artıq hər şeyi boynuna alıb onu gözləyən hər şeylə barışıb. Polis rəisi meyitin əl-ayağının bağlanmasında qeyri-əxlaqi bir şey görür (bu özü də gülməlidir - guya öldürmək əxlaqi işmiş), dönə-dönə soruşur ki, onun əl ayağını niyə bağlayıb. Qatilsə soyuq məntiqli cavab verir: maşına yerləşmirdi. Sonra maşına yerləşmədiyi üçün onlar özləri də təzədən meyiti bağlamalı olurlar. Bu da ən ağır epizodların ən incə yumoru.
Və yaxud, yol boyu maşındakılar polis rəisi ilə hansı pendirin daha dadlı olması barədə mübahisə edirlər. Qatili də öz aralarında oturdublar, onu bu doğma isti söhbətlərdən kənarlaşdırmayıblar. Hamı laqeydcə öz işini görüb dərdinin, çorunun dalınca getmək istəyir.
Filmi həyatdan götürülmüş bir parçaya oxşadan bir cəhət daha var - filmdə musiqi yoxdur. Əhvalatın, daha doğrusu, əhvalatların stixiyasını tutmaq üçün külək, ağacların xışıltısı, su səsi, yarpaqların uçması bəs edir. Daha düzü, hər şey qatilin, qurbanın taleyindən daha ağır olan taleləri, əhvalatları, müstəntiqin, həkimin, rəisin, hətta bəlkə sürücülərin taleyinin ağırlığını, nəfəskəsən çarəsizliyini özündə daşıyır. Sanki rejissor hər hansı bir detalı, məsələn, almaların çaya yuvarlanmasını, meyitin qanının həkimin üzünə sıçramasını hansısa bir fikrə xidmət etmək üçün seçib ssenariyə salmayıb, sadəcə çəkib və bütün bunların nə demək istədiyini axtarıb tapıb. Heç nə vurğulanmayıb, sadəcə çəkilib. Sanki o almalar qadın əməli, Həvvadan qalan günah və cəza rəmzi kimi seçilməyib, sadəcə, küləyin dığırlatdığı almaların gözəlliyinə vurulub. Onu çəkmədən keçə bilməyib. Oysa...
Oysa, rejissor o almalarla daha başqa cəzaları göstərmək istəyir. Qadın üzündən cəza alacaq qatildən başqa da cəza alanların olduğuna eyham vurur. Müstəntiq həkimə bir əhvalat danışır: gözəl bir qadının ölümünü nəql edir. Gözəl bir qadın hamiləykən ərinə sözarası mən filan tarixdə öləcəyəm, deyir və həqiqətən o tarixdə, uşağı doğulandan sonra körpəsini əzizləyir, yerinə qoyur və “artıq ölə bilərəm”, deyir və ölür. Bu qəribə əhvalatı danışan müstəntiq qadının ölüm səbəbini tapmadıqlarını deyir. Amma film boyunca qadının ərinin ona xəyanət etdiyini, qadının əslində intihar etdiyini və bu intiharıyla ərini - müstəntiqi əbədi cəzalandırdığını öyrənir tamaşaçı. Əbədi cəzaya məhkumlardan biri müstəntiqdir. Çaya yuvarlanan almalardan biri onundur.
Bizə məlum olmayan hansısa səbəbdən həkimi buraxıb getmiş, onu tənhalıqla əbədi cəzalandırmış qadının şəkillərini görürük həkimin öz kompyuterində. Bunu heç kim demir. Tərk edildiyini, yalnız buraxıldığını həkimin üzündən oxuyuruq.
Bu əbədi cəzaları Tanrı kimi böyük qüvvə - Qadın kəsir. «Bir zamanlar Anadoluda» filmində kişilər məzlum, susqun, cəzalı, əbədi məhkum və bədbəxtdirlər. Cəza kimi çəkdikləri bu dünyanın dərdi-çoru ilə əlləşirlər, hərəsinin dərdi-səri müxtəlif olsa da (sürücülərdən biri daha bacarıqlıykən hələ də istintaq qrupunu gəzdirir, amma kütün biri məhkəmə sürücüsüdür, meyiti yaranın ləvazimatları köhnədir, iş otağı təmirsizdir, amma qandığı qrafa olmayan həmkarı hər şeylə təchiz olunub), bir dünyanın dərdini çəkirlər, cənnətdən qovulduqları üçün narazıdırlar elə bil.
Qadınlar filmin ən əsas fəlsəfi obrazı olsa da, az görünürlər və sanki rejissor bununla kişinin qadından yetim qaldıqca nə qədər bədbəxt, çarəsiz, kədərli olduğunu göstərmək istəyir.
Filmin antiqadın ideyası da var. Qatil həm də qadının günahının cəzasını çəkir. Ərinə qatillə xəyanət etmiş qadın da günahkardır qətldə. Amma cəzanı kişi çəkəcək.
Yasaq almanı istəyən, cənnətdən qovulan Həvvanın yerinə cəzaya, ilk cəzaya kişi də ortaq oldu (bununla da bir bütün olduqlarını sübut etdi). Bu cəzalar ordan başladı, deyir rejissor. Filmdə bu fikir nə qədər üsyankar olsa da, bir o qədər çarəsizdir. Nə üçün belədir? Bu suala Nuri Bilgə cavabını bildiyi bir sualla cavab verir: «Kişinin qadından başqa getməyə yeri varmı?»
«Kino darıxdırıcı yerləri çıxarılmış həyatdır». Oysa, «Bir zamanlar Anadoluda» öyrətdi ki, həyatın darıxdırıcı yeri yoxdur. «Bir zamanlar Anadoluda» filmi kimi hər şeyi görən mükəmməl filmlər və onları görməyən darıxdırıcı filmlər var.
Aliyə