“Türk dünyasının mədəniyyət paytaxtı”nda başlanan bayram şöləni 18 ölkənin təmsilçilərini bir araya gətirdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY ənənəvi olaraq bu il də Novruz bayramını zəngin proqramla qeyd etdi. Türkiyənin Kastamonu şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılışına və Novruz bayramına həsr olunan tədbirlər martın 20-də başlandı. Tədbirlərdə Azərbaycandan “Şərur” xalq yallı və “Halay” folklor (Masallı) ansamblları iştirak edirdi.
Proqram çərçivəsində öncə TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərliyi ilə müxtəlif ölkələri təmsil edən sənətçilər və media nümayəndələri Kastamonu valisi Yaşar Qaradəniz və bələdiyyə başqanı Tahsin Babaşla görüşdülər. Vali və başqana Novruz bayramının simvolu olan, baharı müjdələyən səməni hədiyyə edildi, “yumurta döyüşdürmə” ritualı da unudulmadı. Milli geyimli sənətçilərin ifaları isə görüşə xüsusi rəng qatdı.
Sonra TÜRKSOY heyəti və Türk dünyasının sənətçiləri vali və bələdiyyə başqanı ilə birlikdə şəhər ətrafındakı meşədə xatirə olaraq ağac əkdilər.
* * *
Martın 21-də isə geniş xalq kütlələrinin qatıldığı bayram tədbirlərinə Kastamonu şəhərinin Cümhuriyyət meydanında Novruz tonqalının yandırılması ilə start verildi. Mərasimə baş katib Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, vali və bələdiyyə başqanı ilə bərabər Ankarada fəaliyyət göstərən xarici diplomatik missiyaların rəhbərləri də qatılmışdı.
Türk xalqlarının bayraqları ilə bəzədilmiş meydanda üzərində iştirakçı ölkələrin adları yazılan böyük çadırlar qurulmuşdu. Burada hər bir ölkənin mədəni irsini, özəlliklərini nümayiş etdirən stendlər sərgilənirdi.
Öncə Novruzun əsrlərdən bəri qorunan adətləri yerinə yetirildi. Tonqal üzərindən atlama, “dəmir döymə” və “yumurta döyüşdürmə” maraqla seyr edildi.
Mərasimin rəsmi hissəsində çıxış edən D.Kaseinov “Türk dünyasının mədəniyyət paytaxtı” Kastamonudan Novruzu qeyd edən xalqların təmsilçilərinin simasında bütün bəşəriyyəti bayram münasibətilə təbrik etdi. O, Kastamonuda Türk dünyasının dörd yanından - Sibirdən Orta Asiyaya, Qafqazdan Balkanlaradək qonaqları qarşıladıqlarını vurğulayaraq bildirdi ki, Novruzu qeyd edən bu geniş coğrafiyadan gələn sənətçilərimizlə bayramın bütün rəngləri, ortaq mədəniyyətimizin zənginlikləri sərgilənəcək: “Novruz Türk dünyasının ortaq mədəniyyət mirası olduğu kimi, eyni zamanda bəşəriyyətə məxsus mədəni bir dəyərdir”. Baş katib Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və 2010-cu ildə BMT tərəfindən 21 martın Beynəlxalq Novruz günü elan olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, TÜRKSOY-un təşəbbüsü ilə keçirilən Novruz bayramı onun beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.
Nazir Numan Kurtulmuş çıxışında Novruz bayramının tarixinə toxundu və onun min illərdir ki, həyatın və torpağın yenidən canlanmasının simvolu kimi çox geniş coğrafiyada qeyd olunduğunu vurğuladı. O, bayram tədbirlərinə qatılan qonaqları təbrik edərək, onlara təşəkkürünü bildirdi: “Novruz yenidən dirilişi göstərən, uzun qış aylarından sonra torpağın canlanmasını, təbiətin oyanmasını simvollaşdıran bayramdır. Novruz bizə fərqlilik və müxtəlifliyin olmasına baxmayaraq birgə olmağı öyrədir”.
Vali Yaşar Qaradəniz isə 18 ölkə və diyarı təmsil edən sənətçilərin “mədəniyyət paytaxtı”nda bir araya gəlməsindən məmnunluğunu ifadə etdi və bildirdi ki, Kastamonu bu günə xüsusi olaraq hazırlaşıb.
* * *
Çıxışlardan sonra rəngarəng konsert proqramı başlandı. Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Saxa-Yakutiya, Buryatiya, Dağıstan, Kabardin-Balkar respublikalarından, eləcə də Qaqauz Yeri (Moldova), Şimali Kipr, Kosova, Serbiya, Makedoniya, Bosniya və Herseqovinadan olan sənətçilərin təqdim etdikləri proqram böyük həyəcan, maraq və coşqu ilə qarşılandı.
Konsert proqramının ardınca Novruz tədbirlərinə qatılan rəsmi şəxslər və sənətçilərin yürüşü başlandı. Yürüş zamanı Azərbaycanın “Şərur” xalq yallı və “Halay” folklor ansambllarının rəqsləri xüsusilə diqqət çəkdi. Tədbirin sonunda Kastamonu Bələdiyyəsi iştirakçıları Novruz plovuna qonaq etdi.
* * *
Həmin gün Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş Türk dünyasından gələn sənətçiləri və mətbuat nümayəndələrini qəbul etdi. O, sənətçilərə uğurlar arzu etdi, mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Nazir türk xalqlarının bir-birinə daha da yaxınlaşmaları üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin önəmini vurğuladı.
* * *
Martın 21-də axşam 2018-ci il “Türk dünyasının mədəniyyət paytaxtı”nın möhtəşəm açılış mərasimi keçirildi.
Atatürk İdman Mərkəzində düzənlənən mərasimə Türkiyənin Baş naziri Binəli Yıldırım, Baş nazirin müavini Rəcəb Aktağ, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, vali Yaşar Qaradəniz, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri qatılmışdı. Tədbirdə Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları və Qarsdakı baş konsulu Nuru Quliyev də iştirak edirdi. Mərasimdə türk xalqlarını təmsil edən 18 fərqli bölgədən 350-yə yaxın sənətçi iştirak edirdi.
Düsen Kaseinov çıxış edərək Kastamonuda “yeddidən yetmiş yeddiyə” hər kəsin “mədəniyyət paytaxtı” adı ilə qürur duyduğunu və qədim, zəngin tarixə sahib şəhərin bu ada layiq olduğunu dedi.
Baş nazir Binəli Yıldırım isə çıxışında Novruz bayramının nəhəng bir coğrafiyada qeyd olunduğunu vurğuladı: “Bu bayram Şərqi Türküstandan Orta Asiyaya, Mesopotamiyadan Sibirə, Monqolustandan Amerika qitəsinə qədər yeni bir oyanışı ifadə edir. Bizlər üçün Novruz sadəcə bir mövsüm deyil, bu torpaqlarda minlərcə ildir ki, dirilişi, bərəkəti, birliyi, bərabərliyi, qardaşlığı təmsil edir. Bütün insanlığın, Türk dünyasının baharı müjdələyən bu gözəl bayramını təbrik edirəm”.
Mərasimdə digər çıxış edənlər də iştirakçılara təbriklərini çatdırdılar.
Tədbirin bədii hissəsində fərqli ölkələri təmsil edən sənətçilər səhnədə yer aldılar, milli mahnı və rəqsləri ifa etdilər.
Konsertdən sonra təkrar səhnəyə çıxan Binəli Yıldırım sənətçilərlə kollektiv şəkil çəkdirdi.
* * *
TÜRKSOY-un Novruz tədbirləri martın 23-də Ankarada Çankaya Universiteti, Çubuq Bələdiyyəsi ilə İldırım Bəyazid Universiteti və Keçiörən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə düzənlənən konsertlərlə davam etdi.
Bayram proqramı eyni coşqu ilə martın 25-də İstanbulda gerçəkləşdi. Mərasimin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bayrampaşa Bələdiyyəsinin başqanı Atila Aydıner və başqaları çıxış etdilər. Konsert proqramında “Şərur” və “Halay” ansamblları da səhnədə yer aldı.
Novruz şöləninə Sivas və Kayseri də ev sahibliyi etdi.
Baharın müjdəçisi olan Novruz tədbirlərinin növbəti marşrutu Balkan ölkələridir. 10 ölkədən 70-dən çox sənətçinin iştirakı ilə başlayan tədbirlər Bosniya və Herseqovina, Çernoqoriya, Albaniya, Makedoniya və Bolqarıstanı əhatə edir. İlk konsert proqramı Bosniya və Herseqovinada keçirilib və maraqla qarşılanıb...
Mehparə Sultanova
Ankara