Martın 22-də Vaşinqton şəhərində Üzeyir Hacıbəylinin dünya şöhrətli “Leyli və Məcnun” operasının konsert-tamaşasının premyerası olub. Yeni versiyada təqdim olunan əsər ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.
   Operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin rəqs qrupu tərəfindən reallaşdırılıb. İfalarda məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.
   Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, bu operanı 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli Yaxın Şərqdə və digər mədəniyyətlər arasında məşhur olan, Nizami Gəncəvi və Məhəmməd Füzulinin qələmə aldıqları faciəvi sevgi hekayəti əsasında yazıb. Qərbdə daha çox tanınan “Romeo və Cülyetta” hekayəsinə bənzər, lakin ondan əvvəl yazılan “Leyli və Məcnun” əsəri çoxsaylı incəsənət formatlarında nümayiş etdirilib. Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On iki il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o vaxtdan da Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. 
   Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. 2016-cı ildə nüfuzlu “Nyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. Mark Morrisin “Leyli və Məcnun” operasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Nəhayət, 2016-cı ildə bu layihə reallaşdı. Həmin ilin mart ayında Mark Morris Bakıya səfər edib, Alim Qasımovla və digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış olub. Həmin səfərdən sonra “Leyli və Məcnun” layihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Son iki il ərzində konsertlər ABŞ-ın bir çox şəhərlərində, o cümlədən Berklidə, Sietlda, Ənn Arborda, Çikaqo və Nyu-Yorkda Amerika auditoriyasını heyran qoyub. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva və Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri Əməkdar Artist Rauf İslamovun (kamança) və Zəki Vəliyevin (tar) məharətli və professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.
   “Leyli və Məcnun” layihəsinin təməlini qoyanlardan biri də 2017-ci ildə dünyasını dəyişən britaniyalı rəssam Hovard Hockindir. O, qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlamışdı.
   “Leyli və Məcnun” layihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, layihənin elmi məsləhətçisi kimi tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. 
   “Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli və tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız, bir sözlə, Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırılıb. Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayiş etdirilib.