"Nuri-didə Ceyhun" tamaşasından doğan təəssürat
...Hər işin arxasında bir ideya durur. Sonra həmin ideyanı gerçəkləşdirmək üçün bir layihə qurulur, həmin layihəyə də işi bacaranlar qoşulur. İdeya isə bu idi ki, bir müddət, təxminən bir il öncə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mühacirət ömrü yaşamış görkəmli ziyalı, yazıçı-publisist Ceyhun Hacıbəylinin "Bir il xəyallarda və bütöv bir ömür" kitabını oxuyur və bu xatirə əsərinin səhnə təcəssümünü reallaşdırmaq qərarına gəlir.
Tamaşaya quruluş vermək üçün Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə teatra dəvət olunur. Əsəri ikilikdə təkrar nəzərdən keçirdikdən sonra qərar verirlər ki, ürəyi Vətən həsrəti ilə çırpınan Ceyhun Hacıbəylinin yalnız röyada qovuşduğu əzizlərinin intizarını qələmə aldığı alleqorik-mistik əsərin bu şəkildə səhnə təcəssümü mümkün deyil. Odur ki, əsər əsasında pyesin yazılması üçün yazıçı-dramaturq Əli Əmirliyə müraciət edirlər. Əsər yazıldı, uzun aylar davam edən hazırlıq-məşq prosesi başa çatdı və martın 10-da "Nuri-didə Ceyhun" tamaşası ilk dəfə oynanıldı.
Bu əsərin səhnəyə çıxmasında əlamətdar məqamlar çoxdur.
Birincisi, bu tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik şanlı yubileyinə dövlət teatrlarından ilk töhfədir.
İkincisi, bu tamaşa müstəqil Azərbaycan fədaisi Ceyhun Hacıbəylinin 125 illik yubileyinə sanballı töhfədir.
Üçüncüsü, "Nuri-didə Ceyhun" ilə nəinki Ceyhun bəy, həm də Üzeyir bəy bədii obraz kimi ilk dəfə səhnədə görünür.
Başlıcası, bütün sadalananlar bu ideyanı gerçəkləşdirən, ona səhnə həyatı bəxş edən böyük yaradıcı heyətin necə bir məsuliyyətli işə qol qoyduğunu yetərincə anladır.
Quruluşçu rejissor tamaşada baş qəhrəman obrazını hazırda Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərən, lakin teatrsevərlərin hələ pantomima səhnəsindəki məharətli oyunu ilə yaxşı tanıdığı Əməkdar artist Pərviz Məmmədrzayevə həvalə edib. Onun Ceyhun bəy obrazı ilə səhnəyə qayıdışı quruluşçu rejissorun da, elə teatrın da uğurlu tapıntısıdır. Tamaşa boyu haldan-hala düşən, xəyalında anası, qardaşı Üzeyir bəylə söhbətləşən, Parisə yığışdıqları ilk gündən arvadı Zöhrənin vətən həsrəti, maddi çətinlik, övlad təlaşları ilə dolu narazılıqlarına sinə gərən gənc Ceyhundan ta ahıl yaşını qürbətdə haqlayan, övlad itirən, bir missiya kimi daşıdığı haqq savaşından zərrəcə də soyumayan diplomat, yazıçı, ictimai xadim Ceyhun bəyədək "böyüyən" qəhrəmanını bacarıqla canlandıran aktyor ustalığı və öz təbiətindəki xarizması ilə bitkin obraz yaratmağı bacarıb.
Tamaşaçılardan alqış payı qoparan ikinci ümumiləşdirilmiş obraz olan Frençli rolunda cəmi bir epizodda görünən Əməkdar artist Şövqü Hüseynov oldu. Görkəmcə repressiya dövrünün baş cəlladı Beriyanı, jestləri və arxiv materiallarından bəlli olan ifadələri ilə Mircəfər Bağırovu xatırladan aktyor Üzeyir bəy (aktyor Elçin İmanov) ilə ittiham dolu söhbətində çox inandırıcı idi.
Tamaşanın üçüncü maraqlı tapıntısı isə yenə də cəmi bir epizodda görünən Əməkdar artist Anton Ferşdant oldu. Opera musiqisini sevənlər bu ismə və bu səsə yaxşı bələddirlər. Bu mövsümdən Musiqili Teatrda çalışmağa başlamış A.Ferşdant rus bölməsində "Silva" tamaşasında Ferri obrazı ilə səhnəyə çıxdıqdan sonra Azərbaycan dilində tamaşa oynamaqla maraqlı debüt etdi. Belə bir fikir də irəli sürmək olar ki, aktyor rusdillidir və onun Azərbaycan dilində əcnəbi kimi təhriflərlə danışması təbiidir. Lakin unutmayaq ki, məhz fransız ləhcəsi və fransız ədası danışmaq, üstəlik, yüksək çinli məmur qılafında səhnəyə çıxaraq tamaşaya rəng qatmağı bacarmaq A.Ferşdantın nailiyyətidirsə, solistin daxilindəki dram aktyoru istedadını hiss etmək quruluşçu rejissorun uğurudur.
Dram aktyoru demişkən, tamaşadakı digər əsas rolları elə teatrın öz aktyorları ifa edirlər. Üzeyir bəyin obrazı Elçin İmanovun ifasında gözləntiləri o qədər də doğrultmadı. Tamaşadakı üç qadın obrazında - Ceyhunun anası Şirinbəyim, Ceyhunun arvadı Zöhrə və bacısı Zayad rollarında Xalq artisti Fatma Mahmudova, aktrisalar Gülnarə Abdullayeva və Ülviyyə Əliyeva çıxış edirdilər. İş orasındadır ki, bu teatrda janr xüsusiyyətindən hər üç aktrisa indiyədək komik əsərlərdə çıxış ediblər deyə, onları dramatik rolda "həzm etmək" təkcə seyrçi üçün deyil, həm də aktrisaların özləri üçün də çətin idi. Baxmayaraq ki, xaraktercə deyib-gülən, ya da obrazın özü üçün dediyi kimi, “arsız olan” Şirinbəyim rolu həvalə edilmiş Fatma Mahmudova bütün qabiliyyətini səfərbər edib qürbətdə qalan övladının həsrətini çəkən ana, üzü gülüb qəlbi ağlayan qadın obrazı yaratmağa çalışdı, müəyyən səhnələrdə bu istəyinə nail oldu da. Digər iki aktrisa da pyesdə obrazlarının bir xətt üzrə inkişaf etməsi üzündən qarşılarında qoyulan tələblərə öz ifaları ilə cavab verə bildilər. Zöhrənin ən böyük faciəsini pyesin finalında yaşayan Gülnarə xanımın tamaşa bitdikdən sonra, premyera qaydalarına uyğun olaraq, daha uzun sürən alqışlanma mərasimində hələ də obrazda olduğu, göz yaşlarını saxlaya bilmədiyi salondan aydın görünürdü.
"Nuri-didə Ceyhun" tamaşasında tamaşaçını sarsıdan, əsərin məğzini açan çox uğurlu yanaşmalar diqqəti çəkir, səhnə və musiqi tərtibatında maraqlı tapıntılar var. Sadə səhnə quruluşunda podiumun vəziyyətini dəyişməsi, zaman və məkan fərqini silən, diyircəklər üzərində quraşdırılmış boş qapı çərçivəsindən keçmişə və gələcəyə xəyali səyahət tamaşaçını da səhnədə baş verən hadisələrin içinə aparır.
Tamaşaçını ən çox sarsıdan məqamlardan biri birinci hissənin sonunda Azərbaycanın Avropada müstəqil dövlət olaraq tanıdılmasından ötrü Parisə ezam edilmiş nümayəndə heyəti üzvlərinin (aktyorlar - Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov) Ceyhun Hacıbəyli ilə birlikdə ilk diplomatik uğurlarının sevincini yaşadıqları zaman Cümhuriyyətin süqutu xəbərini alması və bu hadisənin keçmiş SSRİ-nin himninin oxunması ilə müşayiət edilməsi oldu.
* * *
"Nuri-didə Ceyhun" tamaşasının təhvil verildiyi gündən heç bir ay keçməyib. Musiqili Teatrın artıq formalaşmış imicinə ilk baxışda yad görünən tamaşa ilə bağlı artıq mətbuatda bir-birindən fərqli fikirlər yer almaqdadır. Onu ilin tamaşası kimi qiymətləndirənlər də var, bu səhnə əsərinə bir qədər köhnədəbli yanaşma tərzi ilə münasibət bəsləyənlər də var. Məsələn, Bakıdan ayrılmaq istəməyən, körpə uşaqla Fransada ana-bacıdan uzaq yaşamaqdan qorxan Zöhrəni getmək üçün dilə tutan Ceyhunun Paris həyatını təsvir edərkən kafe-şantan qızlarının səhnədə rəqsinin belə ciddi əsərə yaraşmadığı, Şirinbəyimin sırf qadın, ana, qayınana düşüncəsinin məqbul sayılmadığı barədə fikirlər həmin yazılarda yer alır. Belə düşünənlər inciməsinlər, amma bu cür fikirlərin kökündə sovet dövrünün partiya-sovet liderləri, inqilabçılar, qəhrəmanlar haqqında çəkilən filmlərdə, qoyulan tamaşalarda təlqin edilən tam müsbət və ciddi, həm də adi insani hislərdən məhrum obrazlar yada düşür. Yenidən süni qəhrəmanların səhnədə, ekranda görünməsi kimə və nəyə lazımdır?
Tamaşa üçün çox gözəl musiqi parçaları seçilib (quruluşçu dirijor və musiqi tərtibatçısı - Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev), Üzeyir bəyin, həmçinin digər böyük Azərbaycan bəstəkarlarının əsərlərindən seçmələr bir-birini uğurla tamamlayır. Quruluşçu rejissordan və tamaşanın janrından - metafora konsepsiyasından irəli gələn fikirlərin bədii tərtibatla (quruluşçu rəssam - Vüsal Rəhim) tamamlanması nöqsanları ört-basdır edir.
Olsun ki, nə vaxtsa "Nuri-didə Ceyhun" pyesinin təkrar quruluşları da səhnəyə vəsiqə alacaq. Əslində Mehriban Ələkbərzadənin bu quruluşunu təkcə Musiqili Teatrın tamaşası kimi yox, daha çox antrepriz (konkret quruluş üçün yığılan yaradıcı heyət) tamaşası kimi görmək də maraqlı olardı. O zaman paytaxtın müxtəlif teatrlarının truppasına yaxşı bələd olan rejissor aktyor heyəti baxımından daha uğurlu tamaşa təqdim etmiş olardı.
Gülcahan Mirməmməd