İkinci Dünya müharibəsi (1939-1945) çox ölkələri faciəyə düçar etsə də, yalnız İtaliyada həm faşizmə qarşı müqavimət hərəkatı, həm də bu ölkənin milli-mədəni, ictimai-siyasi, tarixi xüsusiyyətlərindən bəhrələnən bir cərəyan - neorealizm meydana gəldi. Neorealizm İtaliya kinematoqrafiyasında inqilabi cərəyan kimi tarixə düşdü. Bu cərəyan sonradan digər ölkələrin müxtəlif sənət növlərinə nüfuz etməklə özünü tam təsdiqlədi.
Dünya ölkələrində müharibəyə qədər melodramlara daha çox üstünlük verilirdi və 20-30-cu illərdə bu ekran əsərləri geniş tamaşaçı kütləsi toplayırdı. 1929-1933-cü illər böhranı Avropa iqtisadiyyatını kökündən sarsıtdı. Bu, mədəniyyətə və kino sənətinə də öz təsirini göstərdi. Pul qazanmaq məqsədilə zəif və az büdcəli filmlər çəkilməyə başladı. Bu da sənətin kommersiya xarakteri almasına təkan verdi. II Dünya müharibəsinin başlanması isə incəsənətə daha bir zərbə vurdu. İncəsənətin bütün sahələrində olduğu kimi, kino sənəti də müəyyən problemlərlə üzləşməli oldu.
İtaliya kino sənətində inqilab baş verdi
İyirmi ildən çox faşizmin hakimiyyətdə olduğu İtaliyada incəsənət, o cümlədən kino xüsusilə dərin böhran keçirmiş, özünəməxsusluğunu itirmişdi. Sənəti yenidən həyata qaytarmaq məqsədilə bir qrup gənc kinematoqrafçı birləşib qeyri-leqal, gizli yolla klassik əsərləri öyrənməyə, sovet filmlərinə baxmağa başladılar. Faşizm dağıldıqdan sonra bu qeyri-leqal təşkilat üzə çıxıb, bu illər ərzində içlərində yığışan qəzəbi, ittihamı, narazılığı üzə çıxardılar. Məhz onlar İtaliya kinosunu özünə qaytararaq bütün dünyaya səs salan “neorealizm” cərəyanının ilk carçıları oldular. Lakin bu cərəyanın yaranması onlara elə də asan başa gəlmədi. İctimai-siyasi vəziyyətin çətin olması onları müəyyən maneələrlə üzləşdirdi.
Neorealizmin manifesti, yəni ilk neorealist ekran əsəri “Roma açıq şəhərdir” (rejissor Roberto Rosselini, 1945) bədii filmi hesab olunur. Bunun ardınca R.Rosselini “Payza” (1946) filmini (faşizmə qarşı mübarizədən söz açan sadə novellalardan ibarət film) çəkdi. Daha sonra Lukino Viskonti “Torpaq titrəyir” (1949, İtaliya balıqçılarının dəhşətli həyatından bəhs edir), Cüzeppe De Santes “Faciəli ov”, Vittorio De Sika “Velosiped oğruları” və s. filmlərlə müqavimət hərəkatının həyəcanlı günlərini ekranlara çıxardılar. Filmlərdə qaldırılan əsas problemlər - əhalinin sosial vəziyyəti və bundan doğan işsizlik, satqınlıq, əxlaqsızlıq və s. idi. Lakin bu ekran əsərlərində aparıcı qüvvə heç bir çətinliyə baxmayaraq, xoşbəxt gələcəyə inamını itirməyən sadə adamın əzəməti, möhkəm iradəsi və arzuları idi.
Azərbaycan kinosunda neorealizm
Azərbaycan kinematoqrafiyasında müharibədən sonra filmlər köhnə sxemlər üzrə çəkilməkdə davam edirdi. Kinoşünas Aydın Kazımzadə araşdırmalarında bildirir ki, hətta İ.Stalin vəfat edəndən (1953) sonrakı illərdə də kino sənətində kommunizm ideyalarını, əmək qəhrəmanlarını, sosialist beynəlmiləlçiliyini əks etdirən filmlər çəkilməkdə davam edirdi. T.Tağızadənin “Görüş”, “Əmək və qızılgül”, L.Səfərovun “Qızmar günəş altında”, A.Quliyevin “Səhər”, “Ulduz”, Ş.Mahmudbəyovun “Romeo mənim qonşumdur” və s. filmləri buna misal göstərmək olar. Sosialist realizmi metodu ilə işləyən sənətkarlarımızın çəkdikləri filmlərin əksəriyyəti plakat-şüarçılıq xarakteri daşıyırdı. Belə ki, filmlərin qəhrəmanları tərbiyə edənlərə və tərbiyə olunanlara bölünürdülər. Tərbiyə edənlər yüksək sovet idealları uğrunda mübarizə aparır, böyük quruculuq işlərinin ön cərgəsində gedirdilər. Təbii ki, tarixi dövr də bunu tələb edirdi.
Respublikanın kino sənətinin yüksəlişi 60-70-ci illərə təsadüf edir. Həmin dövrdə kinematoqrafiya əhəmiyyətli dərəcədə yetkinləşmiş, müəyyən professional təcrübə toplamışdı. Bu dövrün yetkinliyi təkcə kino sənətində deyil, incəsənətin digər sahələrində - musiqi, rəssamlıq, heykəltəraşlıq, teatr və s. özünü göstərirdi.
Kinematoqraf tərəfindən müasirlik materialından, reallıqdan ustalıqla istifadə rejissor A.Babayevin “Uşaqlığın son gecəsi” bədii filmində (1968) təzahür etməyə başlayır.
60-70-ci illər Azərbaycan kino sənəti üçün istər irəli sürülən problemə, istərsə də bədii dəyərinə görə tamamilə yeni olan maraqlı bir əsər - rejissor Eldar Quliyevin “Bir cənub şəhərində” bədii filmi (1969) Azərbaycan kinosunda neorealizmin əsasını qoydu. Bir şəhərin sadə sakinlərinin həyatından bəhs edən film o dövrdə nəinki Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqında hadisəyə çevrildi.
60-cı illərin sonunda Azərbaycan kino sənətində başlanan sürətli yüksəliş 70-ci illərdə daha geniş vüsət aldı. Bu dövrdə kinostudiyada istehsal olunan 60-dək bədii filmdən təxminən 40-ı müasir mövzuya həsr edilirdi, bu və ya digər mənada özündə neorealizm ənənələrini əks etdirirdi, sadə insanların həyat hekayələrindən bəhs edirdi. Artıq rejissorların həyat hadisələrinə müraciət etməsi yeni ənənəyə çevrilir. Rejissorlar Arif Babayev və Rasim Ocaqov yaradıcılığının müxtəlif məqamlarında bu ənənəni parlaq şəkildə görmək olar. Rasim Ocaqovun “Ad günü” (1977) “İstintaq” (1979), “Bağlı qapı” (1981), “Park” (1984), “Həm ziyarət, həm ticarət” (1995) neorealizm ənənələrini əks etdirən filmlərdəndir. Həmin filmlər sadə kütlə tərəfindən sevilir və maraqla baxılır.
Ümumiyyətlə, kinoda real həyat hadisələrinin inikası hər zaman kinonu sənət səviyyəsinə qaldıra biləcək əsas elementdir. Məhz sosial tələbata cavab verən filmlər hər zaman diqqət mərkəzində olub və müxtəlif ölkələrin kinematoqrafiyasına inkişafedici təsirini göstərib.
R.İsayeva