Turizm bilavasitə təbliğatla bağlı olduğu üçün bu sahədə fəaliyyət göstərən insanlarda aktivlik, işgüzar əlaqələr qurmaq, təşkilatçılıq bacarığı kimi keyfiyyətlər xüsusilə vacibdir. Dünyaya yeni-yeni açılmağa başlayan Azərbaycan kimi gənc ölkədə müstəqilliyimizin ilk illərində belə mütəxəssislərə böyük ehtiyac duyulub. Bu vacib keyfiyyətləri özündə cəmləşdirən, ömrünün böyük hissəsini turizm işinə həsr etmiş, müstəqil Azərbaycanın turizm sənayesinin təşəkkül tapmasında ilk təşəbbüskarlardan biri olmuş gözəl insan, bacarıqlı təşkilatçı Azər İsmayılov həyatının və işgüzar fəaliyyətinin coşqun çağında dünyadan köçüb.
Azər Baxşəli oğlu İsmayılov 29 yanvar 1959-cu ildə Bakıda anadan olub. 1971-1976-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Həyatını turizm sahəsinə həsr edən A.İsmayılov 1983-1991-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Turizm Departamentində çalışıb. 1991-1997-ci illərdə “AzlnturTrans” şirkətinin departament direktoru olub.
1997-1998-ci illərdə Azərbaycan Hava Yollarında (AZAL) Nəqliyyat Departamentinin rəhbəri vəzifəsində işləyib. 1998-ci ildən Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici müştərilərə xidmət göstərən özəl turizm agentliyinə - AİT MMC-yə rəhbərlik edib.
Azər müəllim ixtisasca turizm mütəxəssisi olmasa da, bu sahədə işləyə-işləyə böyük təcrübə toplamışdı. Ölkəmizə xarici turistlərin cəlb olunması üçün beynəlxalq əlaqələrin qurulmasında, turizm qanunvericiliyinin hazırlanmasında öz töhfələrini əsirgəməyib. O, turizm sənayesinin problemlərinə həsr olunan tədbirlərdə maraqlı təşəbbüslər irəli sürür, ölkəmizdə böyük inkişaf yoluna qədəm qoyan turizm sahəsinin gələcək perspektivləri ilə bağlı çıxışlar edir, öz təcrübəsini bölüşürdü.
Azər İsmayılov Azərbaycanda biznes turizminin əsasını qoyan insanlardan biri idi. Beynəlxalq turizm sahəsində geniş əlaqələri vardı, bacarığı, səmimiyyəti, yüksək insani keyfiyyətləri ilə xarici həmkarları arasında yüksək nüfuz qazanmışdı. Rəhbərlik etdiyi AİT MMC-nin Amerika Turizm Agentlikləri Cəmiyyətinə qəbul olunması şirkətin Şimali Amerika, Kanada və Cənubi Amerika üzrə tur operatoru kimi fəaliyyət göstərməsinə imkan yaratmışdı. Xarici səfərlərində keçirdiyi görüşlərdə təkcə rəhbəri olduğu şirkətin fəaliyyəti haqqında söz açmırdı. Təmasda olduğu insanlara Azərbaycanın turizm məkanları, mədəni irsi, turizm marşrutları barədə məlumat verir, ölkəmizin bu sahədə zəngin potensialının olduğunu vurğulayırdı.
Azərbaycanın turizm sənayesinin daha da inkişaf etməsinə yeni töhfələr vermək üçün, ölkəmizin dünyada müasir turizm məkanı kimi tanınması üçün çoxlu planları, arzuları vardı. Onları gerçəkləşdirməyə əcəl imkan vermədi. Turizm sahəsində bir çox uğurlara imza atmış, bütün fəaliyyəti boyu işgüzar, bacarıqlı təşkilatçı, gözəl insan, sadiq dost kimi rəğbət qazanmış Azər İsmayılovun əziz xatirəsi onu tanıyanların, dostlarının, turizm ictimaiyyəti nümayəndələrinin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.