Xəbər verdiyimiz kimi, məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Rostropoviçin (1927-2007) anadan olmasının 91-ci ildönümü ilə əlaqədar martın 27-də L.və M.Rostropoviçlərin ev-muzeyində “açıq qapı” günü elan olunub.
Muzeyə gün ərzində yerli, xarici turistlər və Bakı şəhərinin qonaqları gəliblər. Onlar üçün ekskursiyalar təşkil olunub, maestroya ithaf olunmuş filmlərdən fraqmentlər nümayiş etdirilib, M.Rostropoviçin ifasında əsərlər səsləndirilib.
Dünyaca məşhur “İpək Yolu” (“Silk Road”) layihəsinin idarə heyətinin üzvü olan amerikalı L.Kellner ailəsi ilə birgə muzeyə təşrif buyurub. Ekspozisiyada yer alan “Silk Road” layihəsinin afişaları, maestronun şəkilləri, Yo-Yo Manın şəxsi avtoqrafı ilə olan kompakt disklər onların maraqlarına səbəb olub.
Yo-Yo Ma muzeyə özünün ürək sözləri və avtoqrafı olan 5 disk hədiyyə edib. Bu materiallar dəfələrlə tədbirlərdə sərgilənib və səsləndirilib. Xanım L.Kellner rəy kitabına bu sözləri qeyd edib: “L. və M.Rostropoviçlərin ev-muzeyinə məşhur violonçel ifaçısı Yo-Yo Manın məsləhəti ilə ziyarətə gəldik. Nə yaxşı ki, biz onu eşitdik! Yo-Yo Ma həmişə M.Rostropoviçə valeh olduğunu və onun qarşısında baş əydiyini söyləyirdi. “İpək Yolu” layihəsi musiqiçilərinin hamısı M.Rostropoviçin pərəstişkarlarıdır. İndi mən də muzeyi seyr edəndən sonra onların sırasındayam”.
Qonaqlar onlara muzey tərəfindən təqdim edilən, ingilis dilində olan iki kitabı - Birinci xanım Mehriban Əliyevanın redaktəsi ilə ərsəyə gəlmiş “Dahi Bakılı” və Əməkdar mədəniyyət işçisi, toplunun müəllifi, redaktoru Şeyla Heydərova və Xalq artisti, violonçelist E.İskəndərovun birgə layihəsi əsasında çap olunan “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” toplusunu böyük məmnuniyyət ilə qəbul ediblər.