Prezident yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecdə yaradılmış “Mizan” tələbə dram dərnəyində yeni tamaşa hazırlanır. Görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə ədibin hekayələrinin motivləri əsasında səhnələşdirilən “Xatirələr” adlı tamaşa gələn ay təhvil veriləcək.
Fondun təşəbbüsü ilə hazırlanan tamaşanın ssenari müəllifi və rejissoru “Mizan” tələbə dram dərnəyinin bədii rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Məmməd Səfa Qasımovdur.
Tamaşada ədibin müxtəlif dövrdə qələmə aldığı hekayə qəhrəmanları ilə bərabər, Mir Cəlal Paşayevin öz obrazı da var. Tamaşa üzərində son məşqlər gedir.
Xatırladaq ki, “Mizan” tələbə dram dərnəyinin ilk tamaşası ötən il olub. Kollektiv Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında tamaşanı uğurla təqdim edib.