Mart soyqırımından 100 il keçir
1918-ci il martın birinci yarısında Bakı Soveti ilə birləşən daşnaklar hakimiyyəti bütünlüklə ələ keçirmək üçün silahlı hücuma hazırlaşmağa başladılar. Dövrün tanınmış ictimai xadimi, yazıçı-publisist Mirzə Bala Məmmədzadənin qeyd etdiyi kimi, “Qafqazda rusların elə belə bir fərli-başlı qoşunu, təşkilatı qalmamışdı ki, onları bölgədə güclü hakimiyyətlə təyin edə bilsin. S.Şaumyanın Tiflisdə üsyan təşkil etmək ciddi-cəhdi puç çıxdı. O, gürcü əsgərlərini Seymə qarşı qaldıra bilmədi. Bu hadisədən sonra onun qərargahının yeri dəyişib, Bakıya köçdü və burada öz əməllərini davam etdirmək üçün əlinə yaxşı girəvə düşdü”.
Azərbaycan əleyhinə hərbi-siyasi əməllərin cizgiləri get-gedə daha aydın şəkil alırdı. Erməni siyasi təşkilatlarının qarşıdakı hadisələrə münasibəti birmənalı olmasa da, onların hamısı mümkün qədər daha çox azərbaycanlını öldürmək vəzifəsini irəli sürürdü. Sol daşnaklar “mötədil planlar”a daha çox meylli idilər. Bu planlar Bakı və Bakı quberniyasını əhatə edirdi. Sağ daşnaklar isə bütün Azərbaycanda əhalinin məhv edilməsini və burada öz siyasi hakimiyyətlərinin qurulmasını zəruri sayırdılar. Erməni Milli Şurası sağ daşnakların fikrini ifadə edirdi.
Hadisələrin əsl mənası və xarakteri hələ heç kəsə bəlli olmadığı bir vaxtda ermənilərin aksiyaya necə hazırlaşdığını şahidlərdən biri sonralar belə xatırlayırdı: “Mart hadisələrindən iki-üç ay əvvəl mən vaxtaşırı S.Taqianosov və A.Arakelovlar ailəsinə gedib-gəlirdim. Rusiyadakı söhbətlərlə bağlı həmişə deyirdilər ki, Bakıda vəziyyət daha da dəhşətli olacaq”. Hücumdan az əvvəl, demək olar, bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən köçmüşdülər.
“Daşnaksütyun” partiyasının Mərkəzi komitəsi və onun rayon bölmələri həmin gündən sui-qəsd qərargahlarına bənzəyirdi. Bölmələr şübhəli silahlı şəxslərlə dolmuşdu. Çox vaxt digər erməni siyasi partiya nümayəndələrinin, habelə bitərəf ermənilərin və millətçilikdə daşnakların özündən qat-qat betər olan tələbələrin iştirak etdikləri gizli yığıncaqlarda qarşıdakı aksiyanın bütün aspektləri götür-qoy edilir, hadisələrin əsas qurbanları müəyyənləşdirilirdi. Şəhərə bir-birinin ardınca ermənilərin yeni-yeni dəstələri gəlirdi.
İlk insident Bakıya gəlmiş Azərbaycan ordu qərargahı üzvlərinin həbsi nəticəsində baş verdi. Bu hadisə əhalinin etirazına və qəzəbinə səbəb oldu, bazar və dükanlar bağlanmağa başladı. “Müsavat” partiyasının üzvləri xalqı sakitləşdirə bildilər. Daşnaklar isə həbs edilmiş zabitləri azad etməyə məcbur oldular. Şəhərin ayrı-ayrı rayonları həmin vaxt azərbaycanlılar üçün təhlükəli idi.
Erməni siyasi partiya və təşkilatları azərbaycanlı əhalinin soyqırımını həyata keçirməyə hazırlaşırdı. 1905-1906-cı illərdə olduğu kimi, bu dəfə də erməni təşkilatlarının terror əməllərinə inqilabi don geyindirilirdi. Bunu bolşevik Amiryanın sözləri də təsdiq edir. O, açıq bəyan etmişdi ki, “Daşnaksütyun” indi hətta bir qədər inqilabi rol oynayır”.
Beləliklə, bundan sonra baş verən hadisələr pillə-pillə şəklini dəyişmiş və erməni təşkilatlarının terrorçu fəaliyyəti 1918-ci ilin martında özünün ən yüksək zirvəsinə çatmışdı.
Martın 17-də (köhnə təqvimlə) şəhərin ermənilər yaşayan hissəsində erməni əsgərlərindən ibarət iri-iri dəstələr peyda oldu. Onlar səngərlər qazır, daş-kəsək və qumdan təpələr düzəldirdilər. Keçmiş Bakı şəhər rəisi Ter-Mikaelyan ictimaiyyətin suallarına cavab verərək bildirmişdi ki, ermənilər səngərləri özünümüdafiədən ötrü qazırlar. Martın 18-də daşnak-bolşevik qoşunları Velikoknyajeski, Olginski və Vorontsovski küçələrini tutdular.
Martın 19-da sübhçağı silahlı erməni hissələri şəhərin müsəlman məhəllələrinə hücuma başladılar. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında yaradılan Fövqəladə İstintaq Komissiyası öldürülənlərin və yaralananların sayını aydınlaşdırmaq istərkən çox çətinlik çəkdi, çünki neçə-neçə ev hələ də bomboş idi və qırğından əvvəl orada yaşayan sakinlərin sayını dəqiqləşdirmək üçün bir kimsə tapmaq mümkün deyildi. Ermənilərin şəhərin digər rayon və məhəllələrinə, evlərinə hücumu zamanı pulemyotlardan istifadə olunurdu. Qurbanların nə zənəninə, nə kişisinə, nə də yaşına məhəl qoyulurdu. Onlar artıq “müsavatçıları” yox, ümumiyyətlə, müsəlmanları qırır, nə sosial vəziyyətlərinə, nə də partiya mənsubiyyətinə baxırdılar.
Daşnaklar vəziyyətdən istifadə etməyə başladılar və müsəlman mövqelərinə hücuma keçdilər, erməni əsgərləri də onlara qoşuldular. Hadisənin şahidi olmuş vəkil, Bakı şəhər rəisi Yakov Smirnovun dediyinə görə, daşnaklar Bakıda yaşayış binalarının kütləvi şəkildə yandırılmasını təşkil edir və yanğınsöndürmə dəstələrinin hadisə yerinə gəlməsinə hər vasitə ilə mane olurdular.
Erməni əsgərləri “Kaspi” qəzetinin binasını, habelə “İsgəndəriyyə” və “Dağıstan” mehmanxanalarını yandırmışdılar. Həmin mehmanxanalarda qalan müsəlmanların, demək olar, hamısı öldürülmüş və yandırılmış, “Karvansara” talan edilmiş və ona od vurulmuşdu. Hərbi gəmilərdən şəhərin müxtəlif rayonlarına bir neçə mərmi atılmışdı.
Faciəni görənlər nəql edirdilər ki, həmin günlər şəhərin küçələri eybəcər şəklə salınmış meyitlərlə dolu idi. Ermənilər nə uşaqlara, nə qocalara, nə də qadınlara rəhm etmir, ucdantutma hamını qırırdılar. Şəhərin küçələrində görünməmiş vəhşilik törədilirdi.
Əsir alınmış bütün azərbaycanlıları amansızcasına güllələmişdilər. Şahid Mirzə Əhməd Hüseynzadə Vaçiyants adlı bir erməninin vəhşiliklərindən söz açaraq deyirdi ki, o, azərbaycanlıların evlərinə soxulur, onları əsir götürmək adı ilə yolda öldürürdü.
Geniş sosial-iqtisadi spektrə malik fəallar, təşkilatçılar və erməni siyasi partiyalarının rəhbərləri qatil, cəllad və talançı bandaların fəaliyyətini tənzimləmək vəzifəsini son dərəcədə dəqiq yerinə yetirirdilər. Daşnakların siyasi xadimləri hətta talançılığı təşviq edirdilər. Hadisələrin gedişi zamanı erməni təşkilatlarının fəaliyyəti əslində kriminal səciyyə daşıyırdı. Bu dəfə onlar partiya mənsubiyyəti ilə yox, qanlı cinayət əməlləri ilə bir-birinə daha çox bağlı idi. Baş vermiş hadisələrə görə, şübhəsiz, Şaumyan və erməni millətçilərini şirnikləndirən bolşevik liderləri tam məsuliyyət daşıyırdılar.
Beləliklə, bütün hakimiyyət Şaumyanın və onun “komanda”sının əlində cəmlənmiş və əslində müdafiəsiz qalmış şəhər, erməni şovinistlərinin ixtiyarına verilmişdi. Mahiyyət etibarilə ermənipərəst Bakı Sovetinin siyasi, sosial-iqtisadi və mədəni “dəyişdiricilik” fəaliyyəti qanlı xaosla və hədsiz-hüdudsuz özbaşınalıqlarla sona çatdı. Erməni siyasi təşkilatları tərəfindən hazırlanmış və açıq-aydın hərbi üstünlük səbəbindən müsəlman əhalisinin məhvi ilə nəticələnmiş hadisələri Bakıda hakimiyyətin hərbi yolla ələ alınması cəhdi kimi də qiymətləndirmək olar.
Azərbaycan əhalisinin nümayəndələri martın 20-də (yeni təqvimlə 1 aprel) müdafiəsiz müsəlmanların qırğınına son qoymaq məqsədilə Bakı Sovetinin rəhbərliyinə, daha doğrusu, Şaumyana müraciət etdilər. Lakin qırğınlar martın 21-dək ara vermədi. Həmin günlər minlərlə Azərbaycan sakini məhv edildi, şəhərin iri məhəllələri yerlə-yeksan olundu.
Bakı Sovetinin 20 mart 1918-ci il tarixli iclasında qeyd edildi ki, hadisələr “Dikaya diviziya” dəstəsinin tərk-silah edilməsinin nəticəsi kimi yox, Zaqafqaziyanın taleyini həll etmək naminə taleyüklü aksiya oldu. Burada daşnakların məqsədi açıq-aydın göstərilir. Bu məqsəd bolşeviklərin havadarlığı ilə Cənubi Qafqazda erməni siyasi təşkilatlarının hakimiyyətinin birinci mərhələsini təmin etmək idi. Daşnak Nuricanyan bəyan etmişdi ki, “Bakı şəhərində başlanmış əsl inqilab bütün Zaqafqaziyaya yayılacaq”. O, daşnakları hər vasitə ilə bolşevikləri dəstəkləməyə çağırırdı. Sol eser Ter-Saakyan “Bakı şəhərində ümumi demokratiyanın aparıldığı güclü mübarizəni” cani-dildən alqışlayırdı.
* * *
Azərbaycan Respublikasının arxivlərində bu qanlı hadisələrlə bağlı çoxlu sayda sənədlər, şahid və zərərçəkmiş insanların ifadələri saxlanılır.
Azərbaycan hökuməti yanında Fövqəladə İstintaq Komissiyasının istintaq protokolunda Bakı şəhər sakini Kərbəlayı Səməd İsmayıl oğlunun istintaqa verdiyi ifadə: “Həmin il martın 20-si idi. Ermənilərlə bolşeviklər Bazar və Vrangel küçələrinin tinindəki 4 N-li evdə yerləşən dükanımı yarmışdılar”.
Ermənilərin vəhşilikləri barədə Həmidulla Hacı Nifalı oğlu Əlibəyov belə ifadə vermişdi: “Martın 20-də erməni əsgərləri mənim Bazar və Kolyubyakinin küçələrinin tinindəki “İsgəndəriyyə” adlı mehmanxanamı talan etmiş, sonra da yandırmışdılar. Erməni əsgərləri mehmanxanada beş nəfərdən başqa qalanların hamısını nömrələrindəcə öldürmüşdülər. Qətlə yetirilənlərin hamısı müsəlman idi. Onların meyitləri mehmanxana binası ilə bir yerdə yanmışdı”.
Ələkbər Tağı oğlu ermənilərin “Dağıstan” mehmanxanasındakı vəhşiliklərinin şahidi olmuşdu. O, ifadəsində bildirirdi: “...erməni əsgərləri mehmanxananı qarət etdikdən sonra ona od vurdular, 50-dən çox müsəlman yandı. Karvansaranı da odladılar, orada 100-dən çox müsəlmanın cəsədi külə döndü...”
Dinc müsəlman əhlinə qarşı görünməmiş vəhşilik və barbarlıq əməlləri törətmiş daşnaklar üstündən bir il keçdikdən sonra həmin hadisələrdə “Müsavat”ı suçlamışdı. Bu, tipik, sırf erməni xislətinə xas olan bir hərəkət, həyasızlıq idi. Guya “Müsavat”ın tutduğu mövqe üzündən Bakıda siyasi vəziyyət gərginləşir, bu partiyanın sovet hakimiyyəti ilə toqquşmasının labüdlüyü hiss olunur.
Belə vəziyyət 17 mart axşam saat 6-dək davam edir...” (“Vperyod” qəzeti - “Daşnaksütyun” partiyasının orqanı, 6 aprel 1919-cu il).
Hələ Xalq Cümhuriyyəti dövründə “Daşnaksütyun” partiyasının mart hadisələrində məşum əməlləri sənədlər əsasında sübuta yetirilmişdi. Xüsusilə vurğulanmışdı ki, yerdə qalan bütün erməni siyasi partiyaları və təşkilatları həmin dövrdə daşnakların göstərişlərini yerinə yetirirdilər. “Daşnaksütyun” həmin qanlı sui-qəsdə rəhbərlik edirdi. Bütün vasitələr onun əlində idi. Bu erməni partiyasının mənzil-qərargahı vardı, orada orderlər verilirdi və oğurluq malla dolu çoxlu sayda avtomobillər yüklərini onun anbarlarına boşaldırdılar.
Erməni Milli Şurası da qırğında azğıncasına rol oynamışdı. Onun pul vəsaiti, ciddi hərbi qüvvəsi vardı, halbuki Müsəlman İctimai Təşkilatlar Şurası Bakıda vur-tut bir praporşiklər məktəbinə və bir kiçik dəstəyə malik idi.
Faciəli hadisənin şahidlərindən A.Kvasnik adlı birisi sonralar, 1919-cu ilin yanvarında istintaq komissiyasının üzvü Novatskiyə demişdi ki, həmin hadisələrə vicdan əzabı çəkmədən belə ad vermək olar: “Müsəlmanları məhv etmək üçün əvvəlcə Bakıda, sonra da onun ətraf rayonlarında daşnakların sui-qəsdlər törətməsi, müsəlmanların bütün əmlakını zəbt etməsi və onların bütün maddi və siyasi üstünlüklərini yavaş-yavaş təbii şəkildə öz əllərinə keçirməsi”.
* * *
Dəhşətli hadisələr Qubada da baş vermişdi. Tarixi araşdırmalar və arxiv materialları əsasında müəyyən edilmişdir ki, 1918-ci il aprel ayının sonlarında Şaumyan və Korqanovun xüsusi tapşırığı ilə əsasən ermənilərdən təşkil edilmiş 2000 nəfərlik silahlanmış dəstə Quba qəzasına göndərilir: “Cəza dəstəsi” adlandırılan bölməyə erməni generalı Amazasp rəhbərlik edirdi. Bu erməni millətçisi müsəlmanlara qarşı nifrətini gizlətmir və bildirirdi: “Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır”. Erməni-daşnak silahlı dəstələri Qubada sakitlik yaradılması adı ilə milliyyətindən asılı olmayaraq, bölgədəki bütün əhaliyə qarşı kütləvi qırğınlar törətmişlər.
Bunu Amazaspın Quba əhalisi qarşısında çıxışı da təsdiq edir: “Mən bura göndərilmişəm ki, bütün müsəlman xalqını qanına qəltan edim, Qubadan Şahdağa qədər olan ərazini düm-düz edim”. David Gelovaninin Fövqəladə İstintaq Komissiyasına verdiyi məlumatdan aydın olur ki, Amazaspın silahlı dəstəsi siyasi məqsəd üçün deyil, müsəlmanlardan “intiqam” almaq üçün göndərilmişdi. Dəstə Quba qəzasında minlərlə kişi, qadın və uşağı qətlə yetirmiş, əmlaklarını mənimsəmiş və ya yandırmışlar. Amazaspın yaxın silahdaşı Sergo Martıkyan yazırdı: “Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhərə soxularaq qoca, qadın, kişi və uşaqları qəddarlıqla öldürmüş və bu barədə heç bir yerdə məlumat verməmişdir”.
Qırğınlardan sonra Amazasp yazır: “Yoldaş Şaumyan, biz artıq vəzifəmizi yerinə yetirdik, Quba qəzasında 10 mindən çox adam qırmışıq”.
Fövqəladə İstintaq Komissiyasının üzvü Novatski öz məlumatlarında yazırdı: “1 may 1918-ci il səhər tezdən general Amazaspın rəhbərliyi altında iki mindən artıq silahlı dəstə Quba şəhərini mühasirəyə aldı. Bu işdə ona köməkçisi Nikolay dəstək verirdi. Səhər tezdən “Cəza dəstəsi” şəhərə soxuldu. Onlar qabaqlarına çıxan hər bir insanı öldürür, evlərinə girərək bütün ailələri qəddarcasına qətlə yetirirdilər. Onların bu cinayət işləri nəticəsində 2000-dən çox dinc əhali, o cümlədən uşaq, qadın və kişilər müxtəlif ağlasığmaz üsullarla qətlə yetirilmişdir. Bu amansız soyqırımın başında Bakı XKS-nin komissarı Şaumyan və hərbi komissar Korqanov dururdu: “Ermənilər şəhəri dörd hissəyə bölərək, hər hissədə hərbi qərargahlar yaradırlar. Həmin qərargahlar ayrı-ayrılıqda mayın 1-i günortadan sonra qanlı qətllərə başlayırlar. Amansız qətllər mayın 9-na qədər davam edir. Mayın 9-da hərbi komissar Korqanov A.Ağacanyana teleqram göndərir: “Təcili şəhəri qaydaya salıb, adamlarınızı aradan çıxardın, Türk ordusu Qubaya yaxınlaşır”.
...2007-ci il aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən kütləvi məzarlıq aşkarlandı. XX əsrin əvvəllərinə aid olan bu məzarlığın üzə çıxması tam təsadüf nəticəsində baş vermişdi. Qazıntı sahəsində insan cəsədləri ilə doldurulmuş 2 quyu və 2 arx aşkar edilmişdi.
500 kvadratmetrlik ərazidə aparılan qazıntılar bir çox faktları üzə çıxarmışdır. Aşkar edilmiş insan cəsədlərinin hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıq və müxtəlif vəhşi üsullarla öldürüldüyü müəyyənləşdirilmişdir. Burada azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgilər, tatlar, avarlar və s. millətlərin nümayəndələri amansızcasına qətlə yetirilərək basdırılmışdır. Məzarlıqdan təxminən 400-dən artıq insan cəsədi aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları əsasən yaşlı kişilərdir.
Tədqiqatlar zamanı məlum olub ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Buradakı insanların kəllə və digər sümüklərində bir dənə güllə yeri yoxdur. Onları balta, xəncər və digər küt alətlərlə vəhşicəsinə öldürüblər. Gözəçarpan faktlardan biri də heç bir bəzək əşyasının tapılmamasıdır. Bu isə göstərir ki, ermənilər bu insanları qarət edib, sonra isə işgəncə verərək öldürüblər.
Ermənilər Bakı quberniyasının müsəlmanlarını qıraraq, bütün Cənubi Qafqazda müsəlman əhlinin qətliamına başlamağı qarşılarına məqsəd qoymuşdular. Onlar öz məkrli məqsədlərinin bir hissəsini reallaşdıra bildilər. Lakin insanlığa qənim kəsilənlərin vandalizmi, Bakı əhalisi üzərində “qələbəsi” nəticə etibarilə istər ermənilər, istərsə də bolşeviklər üçün məğlubiyyətlə sonuclandı.
Lətifə Məmmədova
Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri, dosent