Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzi "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamına əsasən "Bakı Prosesi"nin 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində tələbələr və gənc rəssamlar arasında təsviri sənət üzrə “21 may - Dialoq və inkişaf naminə Dünya mədəni müxtəliflik günü” mövzusunda rəsm müsabiqəsini elan edir.
   Dialoq və inkişaf naminə Dünya mədəni müxtəliflik günü (World Day for Cultural Diversity for Dialogue and Development) ilk dəfə 2003-cü il mayın 21-də qeyd olunub. Mədəni müxtəliflik həyatımızı sivil yollarla zənginləşdirən yeni fikir və perspektivlər təqdim edir, hər bir fərdin və toplumun inkişafına imkan yaradır. Bu gün bəşəriyyətin zəngin mənəvi mirası da daxil olmaqla, mədəni müxtəlifliyin saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında qurulmuş daha dinc bir dünya qurmaq öhdəliyinin təkidlə ifadə olunması üçün bir fürsətdir.
   Mədəni müxtəlifliyi bayram etməklə yanaşı, həmçinin onun böyük bir təhlükə altında olduğunu da vurğulamaq önəmlidir. Bütün dünyada zorakı ekstremistlər mədəni azlıqları hədəf seçərək, insanlarla onların tarixləri arasındakı əlaqəni zəiflətmək üçün ortaq mədəni mirası məhv etməyə çalışırlar. Digər tərəfdən, nəzarətsiz şəhərsalma mədəni müxtəlifliyi məhv edərək şəhərləri etalonlaşdırma təhlükəsi altında qoyur.
   Müasir dünyada mədəni müxtəlifliyin belə təhlükə qarşısında qaldığı bir dönəmdə - 2008-ci ildə "Bakı Prosesi" Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
   Müsabiqə respublikada mövcud mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkənin dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınması işinə töhfə verilməsi, Azərbaycan dövlətinin mədəniyyətlər arasında dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, həmçinin istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənət sahəsində yeni mövzulara marağının daha da artırılması məqsədilə keçirilir.
   
   Müsabiqəyə qatılmaq istəyən və yaşı 18-29 arasında olan iştirakçı yaratdığı tablonun fotosu ilə bərabər
   1. Ad və soyad,
   2. təvəllüd,
   3. əlaqə nömrəsi
   4. əsər(lər)in adı,
   5. ölçüsü və texnikası barədə məlumatı 2018-ci il may ayının 10-dək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir:
   1. Facebook: Bakı Xetai Senet Merkezi (https://www.facebook.com/xsm.art.az/)
   2. Whatsapp: 00994513107401
   3. İnstagram: xetaisenetmerkezi
   4. E_mail: xsm.2016@mail.ru  
   5. Az1025. Bakı şəhəri, Xocalı pr 62.
   
   Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət alacaq və müsabiqənin mükafatlarını almaq uğrunda mübarizəyə qoşulacaqdır.
   
   Qaliblər üç əsas mükafat (I yer - 300 AZN, II yer - 200 AZN, III yer - 100 AZN), eləcə də fəxri fərmanla mükafatlandırılacaq, eyni zamanda “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunacaqdır.