Xəbər verdiyimiz kimi, dünya şöhrətli Polşa kinorejissoru Kşiştof Zanussi azərbaycanlı rejissorlara ustad dərsləri vermək üçün Bakıya dəvət olunub.
   
   İyulun 13-də “Nizami” Kino Mərkəzində Kşiştof Zanussinin kino işçiləri ilə tanışlıq görüşü keçirildi. Görüşdə çıxış edən kinoşünas, rejissor Ayaz Salayev dünya şöhrətli sənətkarın yaradıcılığından söz açdı, filmlərinin mahiyyətindən danışdı, onu müasir kinonun canlı əfsanəsi adlandırdı.
   Kşiştof Zanussi Bakıya dəvət olunmasına görə minnətdarlığını bildirdi. Böyük kino industriyası olmayan ölkələrdə bu sahənin inkişafı ilə bağlı ortaya çıxan çətinliklərdən bəhs edən məşhur rejissor bu cür görüşlərin yaradıcı insanlara faydasından danışdı. Bildirdi ki, ustad dərsləri müddətində iştirakçıları dünya kino sənətindəki yeniliklərlə tanış edəcək: “Əsas odur ki, yaradıcı insan bekar dayanmasın. Daim üzərində işləsin. Azərbaycan kinosu da mütləq inkişaf edəcək, dünyaya çıxacaq. Məncə, sizdə bu potensial var”.
   Görüşdən sonra jurnalistlərə açıqlama verən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov dünyanın məşhur rejissor və ssenaristlərinin ustad dərsləri keçmək üçün mütəmadi olaraq Bakıya dəvət olunacağını dedi: “Bu sahədə artıq müəyyən proqram hazırlanıb. Müvafiq danışıqlar aparılır”.
   Ustad dərslərinə qatılmaq üçün rejissor və ssenaristlərdən müraciətlərinin qəbul olunduğunu deyən kinostudiyanın direktoru bu zaman kinoda özünü təsdiq etmiş gənclərə üstünlük verildiyini vurğuladı.
   Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə gerçəkləşən ustad dərsləri bu gün (18 iyul) başa çatır. Bu təcrübə mübadiləsi Prezident İlham Əliyevin 4 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib. Ustad dərslərində rejissorlar İlqar Safat, Samir Kərimoğlu, Əli İsa Cabbarov, Asif Rüstəmov, Tahir Əliyev, Elçin Musaoğlu, Emin Mirabdullayev, Emin Əfəndiyev və başqaları iştirak edirdilər.
   Altıgünlük treninqdə praktiki və nəzəri biliklərin təkmilləşdirilməsi istiqamətində dərslər verilib, dünya kino sənətində yeniliklər, fərdi yaradıcılıq imkanları müzakirə olunub.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar