Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə edir. Bu fikir aprelin 5-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin “Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən konfransı çərçivəsində “Bakı Prosesi”nin təqdimatında bildirilib.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xarici işlər naziri Elmar Məmmədyarov konfrans iştirakçılarına “Bakı Prosesi” barədə məlumat veriblər.
Bildirilib ki, bu il “Bakı Prosesi”nin 10 illiyi qeyd olunur. “Bakı Prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilən Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq on islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyuldu. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı bəyannaməsi” qəbul edildi. Beləliklə, sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin əsası qoyuldu.
Həmin konfransda Azərbaycan Prezidenti İlham Əliyevin nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı Prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb oldu. Ötən dövrdə Bakıda dörd dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də bir sıra konfranslar, seminarlar və digər tədbirlər keçirilib.