İtaliyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramını davam etdirən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəqs sənəti pərəstişkarları üçün sürpriz hazırlayır. Teatrdan verilən məlumata görə, aprelin 21-də İtaliyanın məşhur “Spellbound” balet truppası Bakıda çıxış edəcək. Truppanın Bakıda təqdim edəcəyi proqram “Bir axşam “Spellbound”la” adlanır.
Məlumat üçün deyək ki, bu balet truppası 1994-cü ildə yaradılıb. Müasir dövrün dünya şöhrətli xoreoqraflarından Mauro Astolfi “Spellbound”u yaradarkən Avropa və ABŞ-ın müxtəlif balet məktəblərinin təcrübəsindən bəhrələnib. Lakin o, quruluş verdiyi bütün rəqslərə öz təkrarsız üslubunu da əlavə edir. Klassik balet və müasir rəqs elementlərinin üzvi sintezini tapan xoreoqraf rəqqasların ifasında qeyri-adi plastikaya nail ola bilir.
“Spellbound”un hər proqramı izləyənlərin yaddaşından uzun illər silinmir. Son illərdə truppa Venetsiya biennalesində, ənənəvi Hyuston “Dance Salad Festival”da və digər sanballı sənət göstərilərində uğurla çıxış edib.
“Spellbound” rəqs truppasının Bakıdakı çıxışı isə paytaxtımızın sakinləri və qonaqları üçün unudulmaz sənət görüşü kimi yadda qalacaq.