Məktəblilərlə soyqırımı tarixi mövzusunda söhbətlər aparılıb
1918-ci il azərbaycanlıların soyqırımının ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü və rayon Təhsil şöbəsinin iştirakı ilə rayonun məktəblərində tədbirlər keçirilib.
Memorial kompleksin əməkdaşları Quba şəhər 2, 3, 6, 7 nömrəli tam orta məktəbləri, Qəçrəş, I Nügədi, Zizik, Alekseyevka kənd tam orta məktəbləri, Quba “İstək” liseyi, Texniki təmayüllü liseyin müəllim və şagird kollektivləri üçün “Tarixi həqiqətlər”, “31 Mart tarixin unudulmaz səhifəsidir” mövzularında maarifləndirici söhbətlər aparıblar.
Qeyd olunub ki, Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib.
Tədbirlərin yekunu olaraq Memorial kompleksdə fəal məktəblilərin iştirakı ilə rəsm sərgisi və şeir müsabiqəsi təşkil olunub. Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova belə tədbirlərin keçirilməsinin gənc nəslin milli şüurunun formalaşdırılmasında mühüm rolunu qeyd edib. Fərqlənən şagirdlərə kitab və bukletlər təqdim edilib.