Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinif şagirdi, Xalq artisti Fidan Hacıyevanın Vokal musiqi məktəbində dərslər alan Ayla Kəlbiyeva bu günlərdə Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.
Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən ifaçıların qatıldığı müsabiqə bir neçə yaş kateqoriyasında keçirilib. A.Kəlbiyeva müsabiqədə Q.Qarayevin “Laylay” əsərini, F.Mendelsonun “Sözsüz mahnı”, Y.Haydnın “Sonata”sını ifa edib.
“Aylanın Almaniyadakı uğurundan qürur duyuruq. O, gələcəkdə həm solo, həm də konsertmeyster kimi çıxış edə bilər”, - deyə Xalq artisti Fidan Hacıyeva bildirib.
Professor Tamara Poddubnaya Aylanı Nyu-Yorkda “Long Island Conservatory of Music”ə dəvət edib. Ona konservatoriyaya imtahansız qəbul olunmaq və ödənişsiz təhsil almaq təklif edilib. Almaniyada olarkən Ayla həm də Bolqarıstana, İtaliyaya və Türkiyəyə ustad dərsləri almağa dəvət olunub.