Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı istifadəyə verilib
Çox oxumaq, araşdırma aparmaq, biliyi paylaşmaq, müzakirə etmək peşəkar və həyat haqqında məlumatlı olmaq deməkdir. Bu bilgilərin əldə olunmasında ənənəvi üsullarla yanaşı, hazırda daha çox elektron informasiya vasitələrindən istifadə edilir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi bütün sahələrdə uğurla tətbiq olunur. Xüsusilə təhsil sahəsində həyata keçirilən innovativ yeniliklər tədris prosesinin optimallaşdırılmasına, effektivliyin artırılmasına xidmət edir.
Mədəniyyət və Turizm Nazirliyinin yeni istifadəyə verilən Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı () bu baxımdan böyük əhəmiyyətə malikdir. Portalın yaradılmasında məqsəd bu sahədə daha dinamik və günün tələblərinə uyğun fəaliyyətin qurulmasıdır. Sayt vasitəsilə musiqi və incəsənət məktəblərində çalışan insanlar musiqi sahəsində baş verən tədris yenilikləri ilə tanış olmaq imkanı qazanacaqlar.
Musiqi məktəblərində tədrisin keyfiyyətli, günün tələbləri səviyyəsində qurulması, ən yaxşı pedaqoji nailiyyətlərin yayılması, elmi-metodik yeniliklərin öyrənilməsi və təbliğ olunmasını təmin etmək dövrün vacib çağırışıdır. Zəngin elektron resurs bu çağırışlara adekvat cavab verir.
Sənə yaxın məktəbi və sevdiyin ixtisası seç
Portalın “İxtisaslar” adlı ilk bölməsində ölkəmizdə fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində tədris olunan ixtisaslar haqqında geniş informasiya verilir. Burada milli və Avropa musiqi alətləri (fortepiano, gitara, qarmon, saz, balaban, tar, kamança, qanun, violin, saksofon, qoboy, klarnet və s.) ilə yanaşı, xor dirijorluğu, nəzəriyyə, bəstəkarlıq, caz-improvizə, xanəndəlik, estrada oxuma, vokal və digər musiqi ixtisasları barədə bilgi almaq mümkündür. Bölümdə həmçinin bu ixtisasların tədris olunduğu paytaxt və bölgələr üzrə təhsil müəssisələri haqqında məlumatlar yer alıb.
Saytda 200-dən çox bədii təhsil müəssisəsinin yaranma tarixi, iş rejimi, tədris olunan ixtisaslar, ünvan (o cümlədən elektron), əlaqə nömrələri və s. öz əksini tapıb. Hər bir valideyn övladını yaşadığı əraziyə yaxın məktəbdə oxutmaq üçün həmin təhsil ocağı haqqında bu portal vasitəsilə ətraflı məlumat əldə etmək imkanına malikdir.
“Tədris vəsaitləri” bölməsində məktəblərin il ərzində nəzərdə tutulan tədris proqramları, gündəlik iş planları və metodiki vəsaitlər yerləşdirilib. Rəssamlıq, solfecio, Azərbaycan musiqi ədəbiyyatı (11 illik təhsil üzrə), Azərbaycan xalq musiqisinin əsasları, harmoniya (11 illik təhsil üzrə) və digər fənlər üzrə gündəlik iş planları, çoxsaylı metodiki vəsaitlərin təqdim olunduğu portal bu sahədə çalışan insanların vahid mənbədən çevik və rahat şəkildə yararlanmasına şərait yaradır. Mətnlərin yerləşdirilməsi təkcə mütəxəssislərin deyil, bu sahə ilə maraqlanan hər kəs üçün faydalıdır. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən mütəxəssislərin müəllifliyi ilə nəşr olunan mətnlərin tam olaraq saytda yerləşdirilməsi uşaq və incəsənət məktəblərində tədris sisteminin asanlaşdırılmasına xidmət edən əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. İstənilən ixtisas üzrə dərs deyən müəllim öz bilik və bacarığını rahat şəkildə artıra bilər.
Şən notlar...
Saytın “Notlar” bölməsi də maraqlı informasiyalarla zəngindir. Musiqi və incəsənət məktəblərində tədris olunan bütün ixtisasları əhatə edən not bazası müəllim və şagirdlərin bu sahədə işlərini daha da asanlaşdıracaq. Portalda müvafiq ixtisaslar (tar, arfa, qoboy, kontrabas və s.) üzrə tədris olunan əsərlərin notlarını əldə etmək mümkündür. Polifonik, etüd, aşıq havaları, iri formalı əsərlər, konsert, romans və digər janrları əhatə edən, ümumilikdə 80-dən artıq əsərin notu hər kəsin istifadəsindədir.
Azərbaycan və dünya bəstəkarlarını yaxından tanıyın
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri haqqında saytın “Bəstəkarlar” bölməsində məlumat almaq olar. Burada professional musiqimizin banisi Üzeyir Hacıbəyli, görkəmli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Firəngiz Əlizadə və digərlərinin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verilir. Eyni zamanda dünyanın bir sıra məşhur bəstəkarları (A.Vivaldi, C.Rossini, C.Verdi, D.Şostakoviç, F.List, F.Şubert, L.V.Bethoven və s.) barədə də bilgilər yer alıb.
Bölmədə Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərlərinin annotasiyası və notlarının verilməsi, habelə bir sıra musiqi əsərlərinin audiofayllarının da yerləşdirilməsi saytın əhəmiyyətini artıran vacib məqamlardır.
“Alətlər” bölməsində isə musiqi alətlərinin yarandığı yer və tipi haqqında məlumat verilir. Burada simli, nəfəsli, zərb və klavişli alətlərin hər birinin tarixi, yarandığı ölkə və özəllikləri barədə bilgi almaq mümkündür. Saytda həmçinin bu alətlərin səslərini də dinləmək imkanı var.
Ustad dərslərinə həmişə ehtiyac var
Portalın “Ustad dərsləri” bölməsi də istifadəçilər üçün maraq doğuracaq. Çünki vaxtilə musiqi və incəsənət məktəblərində təşkil olunmuş ustad dərslərinin audioyazılarının burada yer alması müəllim və şagirdlər üçün çox əhəmiyyətlidir. Audioyazı vasitəsilə istənilən vaxt bu dərsləri sinif otaqlarında yenidən təşkil etmək imkanı yaranır. Müxtəlif ixtisaslar üzrə tanınmış sənət ustalarının keçdiyi ustad dərsləri gənc nəslin məşğul olduğu sahəyə marağının artırılmasına, sənətini sevməsinə və onların yaradıcılıq potensiallarının artırılmasına xidmət edir.
Saytın sonuncu - “Faydalı linklər” bölməsində isə sizi maraqlandıran sahələr üzrə zəngin məlumatlar əldə edə bilərsiniz. “Üzeyir Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları", “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Muğam ensiklopediyası”, “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”, eləcə də not kitabxanası, not arxivi, fortepiano üçün notlar və s. bilgilərinizi daha da zənginləşdirəcək.
Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı ilə tanışlıqdan sonra ölkəmizdə digər sahələrlə yanaşı, musiqi təhsilinin də yüksək dövlət qayğısı ilə əhatə olunduğu həqiqəti bir daha təsdiqini tapır. Köklü ənənələrə malik Azərbaycan musiqi mədəniyyətinin gələcək nəsillərə sistemli şəkildə çatdırılmasının göstəricisi olan sayt bu sahənin mütəxəssisləri və şagirdlər üçün qiymətli mənbə rolunu oynayacaq.
Lalə Azəri