Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ilk dəfə olaraq özündə Azərbaycan və rus dillərində elmi tədqiqat işlərini ehtiva edən “Elmi əsərlər” toplusunun təqdimatı keçirilib.
Topluda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova, Əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyova, Xalq artisti, dosent Kamilla Hüseynova, Əməkdar artist Sənan Hüseynli, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və başqa mütəxəssislərin xoreoqrafiya sənəti, musiqi sənəti, sənətşünaslıq, kulturologiya və filologiya sahələrində apardıqları tədqiqat işlərindən bəhs edən əsərlər dərc edilib.
Akademiyanın professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev bu gün Azərbaycanda elmə, təhsilə, mədəniyyətə böyük önəm verildiyini deyib: “Elm adamlarımız, ziyalılarımız, görkəmli incəsənət xadimlərimiz mədəniyyət tariximizi yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Təqdimatına yığışdığımız “Elmi əsərlər” toplusu bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Digər çıxışçılar Bakı Xoreoqrafiya Akademiyasının 3 illik fəaliyyəti müddətində yaradıcılıq işləri ilə yanaşı, “Elmi əsərlər” toplusunun nəşrini də tədris ocağının uğuru, bu əsərləri xalqımızın mədəniyyətinə töhfə kimi dəyərləndiriblər.
Sonda tədbir iştirakçılarına nəfis tərtibatda nəşr dilən “Elmi əsərlər” toplusu hədiyyə edilib.