Nizami Gəncəvi - 870 
   
      
   Bacarsan hamının yükünü sən çək,
   İnsana ən böyük şərəfdir əmək.
   Sən də əldən düşüb yorulsan əgər,
   Sənin də yükünü bütün el çəkər.
   
   Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin doqquz əsr bundan əvvəl yazdığı bu qiymətli sətirlər bütün zamanlarda müasir səslənmiş, bu gün də müasir səslənməkdədir. Çünki söz ustadı Nizami bütün əsərlərini xalqın zəngin yaradıcılıq xəzinəsinə, onun mədəni sərvətlərinə arxalanaraq yaratmış, gələcək nəsillər üçün yadigar qoymuşdur.
   Dünya ədəbiyyatı və mədəniyyəti xəzinəsinə çox qiymətli töhfələr vermiş N.Gəncəvi söz sənətinin sönməz günəşidir. Onun yaradıcılığı xalqımızın mənəvi həyatının əvəzolunmaz bədii nailiyyəti kimi qədim Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin ən parlaq səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Nizami irsi ədəbiyyat və incəsənət xadimlərinin bir çox nəsillərini ruhlandırmış və onlar şairin həyat və yaradıcılığına dair bir sıra məşhur əsərlər yaratmışlar. Fırça və tişə ustalarının, bəstəkarların, şair və yazıçıların ən yaxşı əsərlərində Nizami mövzusunun məharətlə işlənməsi buna sübutdur.
   1941-ci ildə Sovet İttifaqı böyük şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə geniş hazırlıq gördüyü vaxt sənədli kino ustaları da dahi söz ustasına film həsr etməyi qərara almışdılar. Lakin faşist Almaniyasının Sovet İttifaqına qəfil hücumu yubileyin müvafiq səviyyədə keçirilməsinə imkan vermədi. Bununla belə 1941-ci ildə mühasirədə olan Leninqradda (indiki Sankt-Peterburq), çətinliklə də olsa, yubiley qeyd edildi. Respublikamızda isə dahi şairin yubileyi milli poeziya bayramı kimi keçirildi. Yubiley şənlikləri Ə.Ələkbərov və Ə.Minskinin ssenarisi üzrə rejissor A.Naroditskinin çəkdiyi “Nizami” (1941, operator Ə.Ələkbərov) kinooçerkində öz əksini tapmışdır. Filmin bəstəkarı Rauf Hacıyevdir.
   Film əsasən şairin həyat və yaradıcılığına həsr olunmuş yubiley gecəsindən, həmin günlərdə keçirilən ədəbi gecələrdən, ədəbiyyat və incəsənət xadimlərinin Nizami əsərləri üzərində işləmələrindən və digər tədbirlərdən danışır.
   Bundan sonra kino işçiləri böyük mütəfəkkirin yubileyinin ümumittifaq səviyyəsində geniş qeyd olunduğu 1947-ci ildə “Xalq şairi” sənədli oçerkini yaratdılar. Filmin ssenari müəllifi və rejissoru Ş.Şeyxov, operatorları M.Mustafayev, S.Bədəlovdur. Tarixi-bioqrafik kinooçerk dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş, burada şairin yubileyi ilə bağlı mühüm tədbirlər lentə alınmışdır.
   Filmdə dahi şairin 800 illik yubileyinin yenidən qeyd edildiyi günlər, Moskvada keçirilən təntənəli yığıncaq, qonaqların Bakı vağzalında qarşılanması, Nizami adına muzeyin açılışı haqqında söhbət gedir. Yaradıcı qrup şairin yaşayıb-yaratdığı dövrü canlandırmağa, Nizaminin həyat və fəaliyyətinin əsas mərhələlərini açmağa çalışmışdır. Filmin mətnini aktyor Əli Zeynalov oxumuşdur.
   Qocaman kinorejissor M.Mikayılov da Nizami dühasından ruhlanaraq, 1958-ci ildə yazıçı Ə.Muğanlının ssenarisi əsasında “Nizami” sənədli filmini yaratmışdır.
   Film Nizami Gəncəvinin həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini ekranda canlandırır. Filmdə belə bir fikir təsdiq olunur ki, şairin yaradıcılığı xalqımızın mənəvi həyatının əvəzolunmaz bədii nailiyyəti, qədim Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin ən parlaq səhifələridir. Filmə musiqini bəstəkar Z.Bağırov yazmışdır.
   ...Gözəl mənzərə planlarının biri digərini əvəz edir. Kəpəz dağının zirvəsi qarla örtülmüşdür. Dağın altından çay axır. Qarşımızda Gəncənin gözəl mənzərəsi, Nizami abidəsi, yaşıl küçələr, çarhovuz, fontan canlanır...
   Diktor deyir: “Əziz dostlar, mən sizi vətənimizin gözəl guşələrindən birinə səyahətə çağırıram. Uşaq yaşlarından mən Nizami və Gəncəni bir-birindən ayrı təsəvvür edə bilməmişəm. Həmişə düşünmüşəm ki, əgər Nizami dünya mədəniyyəti zirvəsində sönməyən ulduzdursa, qədim Gəncə mənim doğma, əziz şəhərimdir. Bu şəhər xalqımızın ölməz qəhrəmanlıq ənənələrini qoruyub əsrlərdən əsrlərə ötürür. Dostlar, dünya tarixçiləri Gəncəni çinarlar səltənəti adlandırırlar. Gəlin, əbədi gənc olan şəhərimizin keçmişinə nəzər salaq, bugünkü günü ilə tanış olaq və onun parlaq gələcəyini təsəvvür edək”.
   Bu sətirlər yazıçı-jurnalist N.Babayevin ssenarisi üzrə rejissor-operator S.Bədəlovun lentə aldığı “Nizami yurdu” sənədli (1968) filmində səslənir. Sonrakı kadrlarda tamaşaçılar qarşısında Gəncə şəhəri ilə bağlı müxtəlif tarixi və müasir abidələr, Nizami məqbərəsi, yeni mehmanxana, F.Əmirov və Q.Hüseynli kimi tanınmış bəstəkarlar yetişdirmiş musiqi məktəbi, xalça kombinatı, hətta stadionda futbol oyunu, Hacıkəndə səyahət, gül yığımı və s. nümayiş etdirilir, Nizami yurdunda aparılan quruculuq işlərindən məhəbbətlə söhbət açılır.
   1976-cı ildə Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə “Nizami Gəncəvi” tədris filmi çəkilmişdir. Filmi rejissor E.Qasımov jurnalist T.Əhmədovun ssenarisi üzrə lentə almışdır. Filmin operatoru Sərdar Vəliyevdir.
   Film yuxarı sinif şagirdlərinə bədii söz ustasının həyat və yaradıcılığı ilə yaxından tanış olmağa, Nizami irsinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına təsirini öyrənməyə kömək edir.
   Mütəfəkkir şair Nizami Gəncəvinin anadan olmasının 840 illiyi 1981-ci ildə təkcə respublikamızda deyil, Sovet İttifaqının hər yerində təntənəli şəkildə qeyd edilmiş, poeziyanın, beynəlmiləlçiliyin gözəl bayramına çevrilmişdir. Bu mədəniyyət bayramı kinosalnamədə öz əksini tapmışdır. Bir il sonra rejissor T.Mütəllimov Q.Xəlilovun ssenarisi əsasında “Poeziya bayramı” sənədli filmini (operatorlar T.Sultanov, K.Məmmədov, Y.Abramov, F.Qasımov) çəkmişdir. 80-dən çox xalqı və milləti təmsil edən sovet şairləri Sovet İttifaqının hər yerindən Azərbaycana poeziya bayramına qonaq gəlmişdilər. Film məhz həmin görüşlər haqqında tamaşaçılara məlumat verir.
   Budur, poeziya elçiləri respublikamızın paytaxtını gəzdikcə Nizami və Füzulinin, Sabir və Müşfiqin abidələri önündə dayanır, sanki onlara hesabat verir, sözün, şeirin yüksək mənasını bir daha nümayiş etdirirlər. Qədim Gəncənin sənət məbədgahı - Şıx düzündə Nizaminin məqbərəsi önündəki görüşü əks etdirən kadrlar da yaddaqalandır.
   Tanınmış yazıçı, kinodramaturq İ.Hüseynov Azərbaycan xalqının coşqun ilhamlı nəğməkarı haqqında “Nizami” adlı kinossenarini yazıb, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına təhvil verəndə nəinki kino işçiləri, həm də minlərlə kino tamaşaçıları arasında böyük marağa səbəb oldu. Çünki dahi şairin həyatı haqqında məlumat çox olmadığına görə, filmin necə alınacağı, kino işçilərinin Nizami barədə yeni söz deyə bilib-bilməyəcəkləri hamını düşündürürdü. Bu çətin və məsuliyyətli filmə quruluş verməyi rejissor E.Quliyev öhdəsinə götürdü və eyniadlı tarixi-bioqrafik janrda kinoroman yaratdı. Filmdə baş rolda SSRİ Xalq artisti, məşhur müğənni və bəstəkar Müslüm Maqomayev çıxış etdi.
   Müəlliflər bu film-pritçada ilk növbədə şair Nizaminin dolğun obrazını yaratmağa çalışmış, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havasını, insan münasibətlərinin mürəkkəb dünyasını canlandırmağa səy göstərmişlər. Bəşəri-fəlsəfi ümumiləşdirmə yolu ilə gedən film insanın tarixdə rolu, onun xalq qarşısında borcu haqqında düşüncələridir. Nizaminin mənəvi idealı ilə reallıq arasındakı uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.
   Vətənpərvərlik, öz torpağına, xalqına məhəbbət, qadına hörmət, tərəqqiyə, sülhə meyl, poeziyanın qüdrətli gücü - Nizami əsərlərinin bu motivlərindən müəlliflər bütünlüklə istifadə edərək, orijinal və müasir təfsirli, dərin fikirli, miqyaslı əsər yaratmışlar.
   Nizami Gəncəvi elə şəxsiyyətdir ki, o, nəinki Azərbaycan, həm də dünya mədəniyyətində böyük yer tutur. Müəlliflər filmdə şairin həyatının müəyyən bir dövrünü canlandırmış, lakin bu zaman kəsiyində Nizami yaradıcılığının əsas bədii və fəlsəfi motivlərini yerləşdirmişlər. Burada xronologiya əsas götürülməmişdir. Çünki Nizami bir sənətkar kimi daha maraqlıdır. Filmdə də söhbət onun yaradıcılığından gedir.
   “Azərbaycanfilm” və “Mosfilm” kinostudiyalarının birgə istehsalı olan ikiseriyalı “Nizami” bədii filmi 1983-cü ildə Leninqradda (Sankt-Peterburq) keçirilən XVI Ümumittifaq kinofestivalında uğur qazanmış, Nizaminin humanist pafosunun ekran təcəssümünə görə rejissor E.Quliyevə mükafat verilmişdi. 1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin beynəlxalq kinofestivalında film Özbəkistan Yazıçılar İttifaqının və Nazirlər Sovetinin diplomları ilə təltif olunmuşdu.
   Filmin operatoru Arif Nərimanbəyov, rəssamı Mayis Ağabəyov, bəstəkarı Qara Qarayevdir. Rollarda H.Ömərova, H.Turabov, Ə.Abbasov, Ş.Ələkbərov, H.Xanızadə, Ə.Səmədov və başqaları çəkilmişlər.
   Azərbaycan animatorları da Nizami poeziyasının hikmətamiz misralarından ruhlanaraq, dahi şairin əsərlərinin motivləri əsasında “Fitnə” (1970, rejissor A.Axundov), “Şah və xidmətçi” (1976, rejissor N.Məmmədov), “Xeyir və şər” (1980, rejissor N.Məmmədov) filmlərini yaratmışlar. Bu gün nəinki uşaqlar, hətta böyük yaşlı tamaşaçılar da tərbiyəvi əhəmiyyətə malik həmin animasiya filmlərinə maraqla baxırlar.
   Bütün bu görülən işlərə baxmayaraq, Azərbaycan kinematoqrafçıları dahi şairin həyat və yaradıcılığına az müraciət etmişlər. Bu baxımdan kino işçilərimiz böyük Nizamiyə borcludurlar. Sənətkarlarımız bütün dövrlərin mütəfəkkir şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığına bundan sonra da dönə-dönə müraciət etməli, onun həyat və yaradıcılığından ilhamlanaraq dəyərli sənət əsərləri yaratmalıdırlar.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar