TÜRKSOY-un Novruz proqramları Bolqarıstanda başa çatdı
   
   Xəbər verdiyimiz kimi, TÜRKSOY-un Novruz bayramı münasibətilə təşkil etdiyi ənənəvi konsert proqramları Türkiyədə - 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Kastamonu şəhərində, ardınca Ankara və İstanbulda gerçəkləşdikdən sonra Balkan ölkələrində davam edib. 
   10 ölkədən 70-dən çox sənətçinin iştirak etdiyi “Bütün rəngləri ilə Türk dünyası” adlı proqram iki həftə boyunca Bosniya və Herseqovina, Çernoqoriya, Albaniya, Makedoniya və Bolqarıstanı əhatə edib. Konsertlərdə ölkəmizi aşıq Əli Zeynalov təmsil edib. 
   Bosniya və Herseqovinanın Zenica şəhərində baş tutan konsertə xalq böyük maraq göstərib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyənin bu ölkədəki səfirliyi və “Dostluq körpüləri” təşkilatının iştirakı ilə gerçəkləşən tədbirdə TÜRKSOY baş katibinin müavini Fırat Purtaş da iştirak edib. 
   TÜRKSOY Novruz qrupunun Zenicadan sonrakı səfəri Bosniya və Herseqovinanın Sarayevo və Mostar şəhərləri olub. Qədim Mostar şəhərində verilən üçüncü konsert proqramı Türkiyənin bu şəhərdəki baş konsulluğu, Yunus Əmrə İnstitutu və TÜRKSOY-un işbirliyi ilə baş tutub. Tədbirə Bosniya və Herseqovina Federasiyasının elm və təhsil naziri Elvira Dilberoviç, şəhərin bələdiyyə başqanı, ətraf mühit və planlaşdırma naziri və digər qurumların rəhbərləri qatılıb.
   Aprelin 2-də isə tədbirlər proqramı Makedoniyanın Qostivar şəhərində davam edib. Türkiyənin Üsküpdəki (Skopye) səfirliyi, Yunus Əmrə İnstitutu, TÜRKSOY, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Vizyon Universitetinin işbirliyi ilə gerçəkləşdirilən konserti Qostavarda yaşayan türklərlə yanaşı yerli sənətsevərlər də böyük maraqla izləyib.
   Mərasimdə Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hoca, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, tədbirə fəxri qonaq kimi qatılan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və digərləri çıxış ediblər. 
   Səhnədə növbə ilə yer alan Türk dünyası sənətçiləri Novruzun ənənəvi simvolu olan səməninin təqdimatını keçirdikdən sonra öz ölkələrinin rəqs və folklor elementlərini nümayiş etdiriblər. Konsertin sonunda qarşılıqlı hədiyyə və plaket təqdimatları olub. 
   TÜRKSOY-un “Bütün rəngləri ilə Türk dünyası” Novruz proqramları aprelin 4-5-də Bolqarıstanda Sofiya və Filbe konsertləri ilə başa çatıb. 
   
   Mehparə Sultanova
   Ankara