Şəkidə “Mahmud və Məryəm” filminin ilk kadrları lentə alınır
   
   Xəbər verdiyimiz kimi, Şəkidə Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə ekranlaşdırdığı eyniadlı filmin çəkilişləri başlanıb. Filmin ilk kadrlarının lentə alınması üçün Şəki şəhərindəki “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid memarlıq abidəsi Qala divarlarının qarşısında qədim dövrlərə xas Şərq bazarını xatırladan xüsusi meydan qurulub. Çəkiliş meydançasında yüzdən artıq texniki işçi və yaradıcı heyət üzvü çalışır. Epizodik rolların çəkilişinə yerli sakinlər də cəlb olunublar. Filmin çəkilişlərini kənardan yüzlərlə Şəki sakini maraqla seyr edir.
   Çəkilişlərin bir həftə Şəkidə, bir gün isə Qax rayonunda aparılacağı nəzərdə tutulub. Daha sonra filmin çəkilişləri Bakı şəhərinin tarixi məkanlarında, Qobustanda və nəhayət, Türkiyədə davam etdiriləcək. Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan və Türkiyə kinematoqrafçıları müştərək film çəkirlər. Yeni ekran əsərinin çəkilişləri Azərbaycan tərəfindən “Salnamə” studiyası, Türkiyə tərəfindən isə “24 Kare” film şirkəti tərəfindən həyata keçirilir. Filmin çəkilişlərinin gələn il başa çatdırılması planlaşdırılır.
   
      
   “Gərək, elə bir film çəkək ki, bütün dünyada sevilsin”
   
   “Bakıda olmağımdan böyük qürur hissi keçirirəm. Həmişə Azərbaycana gəlmək haqqında fikirləşmişəm. Ağlıma da gəlməzdi ki, qardaş ölkəyə maraqlı bir ekran əsərinə çəkilmək üçün gələcəyəm. Ona görə də sevincimin həddi-hüdudu yoxdur”. “Mahmud və Məryəm” filmində Keşiş obrazının ifaçısı, məşhur türkiyəli aktyor Mehmet Çevik jurnalistlərə müsahibəsində belə deyib. O, ümidvar olduğunu bildirib ki, yeni ekran əsəri tamaşaçıların rəğbətini qazanacaq: “Biz, gərək, elə bir film çəkək ki, həm Azərbaycan, həm də Türkiyənin ekran əsərləri arasında özünəməxsus yer tutsun və bütün dünyada sevilsin. Ən azından bunu etməyə borcluyuq”.
      
   
   “İlk dəfə at belinə minib, qılınc oynatmağı öyrəndim”
   
   Tamaşaçıların “Öyle bir geçər zaman ki...” serialında Mete rolundan tanıdıqları gənc aktyor Aras Bulut İynemli filmdə Mahmud obrazını canlandırır. O, ilk çəkiliş günlərinin təəssüratını belə ifadə edib: “Burda, Şəkidə olmaq çox gözəl bir duyğudur. Qardaş ölkədəyik və eyni dili danışırıq. Biz işə çox həyəcanlı başladıq. Çəkiliş qrupundan, rejissordan, bütün heyətin işindən böyük zövq aldım. Həyatımda ilk dəfə at sürdüm. Düşünürəm ki, hər şey çox əla gedir. Çəkilişlər başlamazdan əvvəl 10-12 həftə ərzində at sürmək dərsi aldım, hətta qılınc oynatmağı da bu film üçün öyrəndim. Baxmayaraq ki, çəkilişlər başlayıb, bu dəqiqələrdə belə hazırlıq keçirəm. Azərbaycan heyəti və tanınmış insanlarla işləmək gözəl həyəcandır”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar