Azərbaycanla Özbəkistanın bu sahədə əməkdaşlığı üçün geniş imkanlar mövcuddur
   
   Aprelin 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədr müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   
   Nazir qonaqları salamlayaraq ölkələrimiz arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
   Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd edib.
   Əbülfəs Qarayev ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. sahələrin özbək turistləri Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərə cəlb edə biləcəyini bildirib. Qeyd edilib ki, bu məqsədlə hər iki ölkəyə infoturların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.
   Həmçinin nazir Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini və burada ölkəmizin mədəniyyəti ilə bağlı bir sıra tədbirlərin, sərgilərin keçirildiyini diqqətə çatdırıb.
   Turizmin inkişafı ilə bağlı ölkəmizdə görülən tədbirlərdən söz açan nazir Azərbaycan Turizm Assosiasiyasının, Konqreslər Bürosunun, Milli Turizm Təbliğat Bürosunun fəaliyyət istiqamətləri barədə, turizmdə kadr hazırlığı və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında məlumat verib.
   Görüşdə Özbəkistanla Azərbaycan arasında birbaşa uçuşların mövcudluğu nəzərə alınaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib. Qonaq Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
   Əbülfəs Qarayev mədəniyyət və turizm sahəsində əlaqələrə nazirlik tərəfindən hər zaman dəstək veriləcəyini söyləyib.
   Görüşdə Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Şerzod Fayziyev iştirak edib.