“Ortaq türk tarixi” isə artıq Türkiyədə tədris proqramına daxil edilib
   
   Qazaxıstanın paytaxtı Astanadakı Beynəlxalq Türk Akademiyasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızısan) üzv dövlətlərin ədəbiyyat mütəxəssisləri “Ortaq türk ədəbiyyatı” tədris proqramı layihəsini müzakirə ediblər.
   Akademiyanın prezidenti Darxan Kıdıralı bildirib ki, Türk Şurasının Astanada keçirilən son sammitinin qərarına uyğun olaraq Beynəlxalq Türk Akademiyası tərəfindən “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərsliklərinin hazırlanması məsələ kimi qarşıya qoyulub. Akademiya tərəfindən hazırlanan və XV əsrədək olan dövrü əhatə edən “Ortaq türk tarixi” dərsliyi gələn tədris ilindən Türkiyədə Təhsil Nazirliyi tərəfindən 8-ci sinif proqramına daxil edilib. D.Kıdıralı dərsliyin, həmçinin Qazaxıstanda Nazarbayev adına intellektual məktəblərdə istifadə olunduğunu, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın bütün məktəblərində tətbiq ediləcəyinə ümidvar olduğunu söyləyib. 
   Keçən ilin sentyabrında başa çatan “Ortaq türk tarixi” dərsliyi layihəsinin bu il Türk Şurası dövlət başçıları sammitinin təsdiqinə təqdim edilməsi gözlənilir.
   Bildirilib ki, "Ortaq türk ədəbiyyatı" tədris proqramı layihəsi Türk Şurasına üzv dövlətlərin təhsil nazirləri tərəfindən qəbul olunduqdan sonra dərsliyin hazırlanması nəzərdə tutulur.
   Bundan başqa, gələcəkdə “Ortaq türk coğrafiyası” dərsliyi layihəsinin həyata keçirilməsi planlaşdırılır.