Bu günlər Xristian dünyası Pasxa bayramını (İsa Məsihin zühuru) qeyd edir. Bu il katoliklərin Pasxa bayramı aprelin birinci bazar gününə, pravoslav xristianların bayramı isə ayın ikinci bazar gününə təsadüf edib.
Qəbələnin Nic qəsəbəsində yaşayan xristian udilər də Pasxa bayramını qeyd ediblər. “Cotari” kilsəsində təşkil olunan bayram mərasimində iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayonun idarə və təşkilatlarının rəhbərləri Alban-Udi Xristian dini icmasının üzvlərini və qəsəbə sakinlərini Pasxa bayramı münasibətilə təbrik ediblər.
Alban-Udi Xristian dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar. Natiqlər rayonda udilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər.
Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub. Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udi xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udi xalqının qədim ənənəsi canlandırılıb, udi dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilən süfrələr hamıda xoş əhval-ruhiyyə yaradıb.
Sovet dövründə udilərə öz bayramlarını qeyd etmək yasaqlanmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar dini bayramlarını qeyd etməyə başlayıblar. 2002-ci ildə təmir və bərpa olunan “Cotari“ məbədi udilərin istifadəsinə verilib. Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində üç kilsə, iki məscid var.