Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Bişkekdəki Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan yazıçısı, alim, pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi və qala-konsert keçirib.
Teatrın direktoru Bolotbek Osmonov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova çıxış edərək belə mədəniyyət tədbirlərinin iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıblar.
Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev çıxışında Mir Cəlal Paşayevin xalqının arzu və duyğularını ifadə edən yazıçı, eyni zamanda Azərbaycan ədəbiyyatşünaslığının yaradıcılarından biri olduğunu diqqətə çatdırıb.
Qırğızıstanın Xalq şairi Mar Bayciyev Mir Cəlalın tələbələrindən biri olması ilə fəxr etdiyini deyib. Ədəbiyyatın insanları yaxınlaşdırdığını bildirən şair qardaş xalqların mədəni əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Mir Cəlal böyük yazıçı, görkəmli ədəbiyyatşünas alim, mütəfəkkir, bir çox nəsillər üçün əvəzolunmaz pedaqoqdur. Mir Cəlalın ədəbi yaradıcılığı barədə fikirlərini bölüşən səfir yazıçının Azərbaycan nəsrini yeni səviyyəyə yüksəltdiyini söyləyib.
Qala-konsertlə davam edən tədbirdə Azərbaycanın əməkdar artistləri Aqşin Abdullayev və Nərgiz Kərimovanın, Qırğızıstanın əməkdar artistləri Asel Bekbayeva, Aybek Saralayev, Tilek Naymanbayev, Bakıt Ibıkeyev və solist Almaz İstambayevin ifasında Azərbaycan və qırğız bəstəkarlarının əsərləri, eləcə də klassik Qərb musiqisi nümunələri səsləndirilib. Qırğız-Türkiyə “Manas” Universitetinin Türk dünyası orkestri və solistləri Azərbaycanın bəstəkar və xalq mahnılarını təqdim ediblər. İfaçıları Qırğızıstanın Əməkdar artisti R.Osmonaliyevin rəhbərliyi ilə A.Cumaxmatov adına akademik simfonik orkestri müşayiət edib.