“Unudulmayanlar” layihəsində Həqiqət Rzayeva xatırlandı
   
   Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində növbəti musiqili gecə keçirildi. Tədbir görkəmli xanəndə, Xalq artisti Həqiqət Rzayevaya həsr edilmişdi.   
   Yazıçı, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı tədbiri açaraq sənətkarın milli musiqimizin inkişafı və təbliğində xidmətlərindən danışdı. Bildirildi ki, Həqiqət Əli qızı Rzayeva 10 may 1907-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. 1923-cü ildə Bakıda Pedaqoji Texnikuma daxil olub. Burada həm də dram dərnəyinə yazılır. Həmin dövrdə Bakıda “Damğa” adlı satirik teatr açılır. Sənətə həvəsi onu bu teatra gətirir. Bəstəkar Müslüm Maqomayev H.Rzayevanın səsini yoxlayır və onu Azərbaycan Opera Teatrında işə götürür. O, 1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Muğam şöbəsində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimov kimi görkəmli sənətkarlardan dərs alır. Vurğulandı ki, 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti olmuş Həqiqət Rzayeva Ərəbzəngi (“Şah İsmayıl”, M.Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, Ü.Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib”, Z.Hacıbəyov) və s. obrazları yüksək peşəkarlıqla yaradıb. Sənətkar 2 avqust 1969-cu ildə vəfat edib.
   Xalq artisti Arif Babayev H.Rzayevanın sənətkarlıq qabiliyyətindən danışdı. Qeyd etdi ki, opera səhnəsində Ərəbzəngi, Leyli, Əsli və Şahsənəm kimi fərqli xarakter və idealları olan obrazları canlandırmaq hər sənətkara nəsib olmur.
   Xalq artisti Canəli Əkbərov bildirdi ki, Həqiqət xanım həm də pedaqoji fəaliyyət göstərib və gələcək kadrların yetişməsi üçün böyük səylə çalışıb. O, sənətkarla bağlı maraqlı bir faktı da diqqətə çatdırdı. Qeyd etdi ki, 1939-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü zamanı xanəndə “Arşın mal alan” operasında Telli obrazını özünəməxsus şəkildə ifa edir. Sonralar dahi Üzeyir bəy Həqiqət xanıma danışırmış ki, “Arşın mal alan”da Tellinin lal səhnəsinə baxan İ.Stalin belə deyib: “Bax, budur aktrisa!”
   Çıxışlardan sonra bədii hissəyə keçildi, H.Rzayevanın sənət yolunu əks etdirən videoçarx nümayiş olundu. Əməkdar artistlər Anar Şuşalı “Qara tellər”, Sevinc Sarıyeva “Ağ gül, qırmızı gül, bir də sarı gül” xalq mahnılarını ifa etdilər. Rəvanə Qurbanova və Əməkdar artist Səbuhi İbayev “Leyli və Məcnun” operasından duet, Əməkdar artist Nuriyyə Hüseynova “Qatar” təsnifini, Atabəy İsmayılov tarda “Çahargah” rapsodiyasını səsləndirdilər. 
   Sonda sənətkarın nəvəsi Ülviyyə Manafova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürünü bildirdi. 
   
   Savalan Fərəcov