Seans
   
   
   Filmin adı (“İnglourious basterds”) Azərbaycan dilində bir neçə variantda təqdim edilir: “Şərəfsiz əclaflar”, “Şərəfsiz alçaqlar”, hətta “Şərəfsiz it uşaqları” kimi tərcümə edənlər də var. Dostumun yadında nədənsə hər dəfə “şərəfsiz” sözü “amansız” kimi qalırdı - filmə birgə baxdıq və inandım ki, yenə də o, «amansız» sözünü xatırlayacaq. Kventin Tarantinonun filmlərində böyük zövq və ləzzətlə öldürdüyü adamlar aman istəməyə belə macal tapmırlar. Amma rejissor vurğunu bu sözün üstünə qoymur. Bu vurğu filmdə onsuz da var...
   
   Amansız gün
   
   Filmə dostumla birgə internetdə baxmağa qərar verdik. O, bu ekran əsərinə ilk dəfə tamaşa edirdi və son baxdığı «Dörd otaq» (rejissorlardan biri K.Tarantino) filminin dadı damağında idi. «Quduz köpəklər”i (rejissor K.Tarantino) də hələ unutmamışdı. Zəif sürətli internetlə film seyri başladı. Amma başladı, nə başladı! Adam tapançanı uzadıb nişan alarkən və Tarantinonun filmlərinə xas olan lirik, əyləncəli (bəli, lirik və əyləncəli) musiqi bu kadrları müşayiət edərkən ekran donurdu. «Ay daa....ən gözəl yerində...» deyib dostum içini çəkirdi. Çox keçmədən kadrlar dəyişirdi və bu öldürmək “keyfi” davam edirdi. Almanlar yəhudiləri, sonra amerikanlar və yəhudilər almanları «partapart» öldürürdü. Amma bu bir cümlə filmi izah etmir, əlbəttə. Filmin ideyasına, rejissorun üslubuna, peşəkarlığına və zövqünə qarşı ədalətsizlikdi bir cümlə. Axı bu qətllər elə belə göstərilmirdi. Bu barədə bir azca sonra. Öncə, bu amansız günü anlatalım.
   O günün günortası idi. Hələ bağçaya getməyən qardaşım oğlu kompyuterdə onlayn oyunlara cummuşdu. «Fire!» deyə komanda gələn kimi barmağı tətikdə-klavişdə olan uşaq dalbadal atəş açırdı. Başımı sallayıb oyunu izləmək istədim. Elə çətin bir şey deyildi, amma həyəcanlı idi. Uşaq kolun dalından, ağacın təpəsindən çıxan əlisilahlıları öldürürdü. Sevimli balacanın boynunu qucaqladım. Uşaq həmən qəzəbləndi: «Çaşdırırsan, bibi, get də... mən vurmalıyam ee, vurmasam məni vurullar!». «Hamısı düşməndi ki?» - bilə-bilə riyakarcasına soruşdum. «Dost-zad yoxdu. Geciksəm, məni vuracaqlar, qarşıma çıxan hər kəsi vurmalıyam».
   Divanda əyləşmiş qardaşıma sarı döndüm. O, dünyada baş verən teraktlarda, dini qarşıdurmalarda, etiraz və qətliamlarda ölən insanların sayı haqda statistik məlumatlar çatdıran xəbər proqramına baxırdı...
   
   Amansız olmaq nəzəriyyəsi
   
   Film bir vestern havasıyla başlayır. Amma məkan Fransadır. Nasistlər Fürerin əmrilə Avropanı yəhudilərdən təmizləməkdədirlər. Fransız kəndlinin evində «Yəhudi ovçusu» ləqəbli nasist polkovniki (aktyor Kristof Valts) özünəməxsus axtarış aparır. Ona görə özünəməxsus ki, o ailənin başçısı ilə əsl kəşfiyyat söhbəti edir. Və sözləri iyləyə-iyləyə evin zirzəmisində gizlənən yəhudi ailəsini tapır və öldürür. O xaraba zirzəmidən yəhudi ailəsindən yalnız bir qız qaça bilir - Şoşanna.
   Rejissor zirzəmidən çıxıb çöllüyə götürülən Şoşannanı evin içindən açıq qapıdan çəkib göstərir. Və bu kadrla azad olmuş, xilas olmuş Şoşanna sanki dar yerdən gen dünyaya yox, qaranlıq və gen evdən qapı çərçivəsi boyda dar və işıqlı yerə çıxır. Nasist polkovniki onu nişan alsa da atmır. Atmağamı gecikir, amanmı verir - hərçənd bu ona xas deyil, - amma onu buraxır.
   Daha sonra rejissor “əclaflar” ləqəbli dəstəni təqdim edir. Bred Pitin oynadığı «Apaç» ləqəbli Aldo dəstənin başçısıdır. Amansızlığı dönə-dönə təbliğ edir. Amerikan yəhudilərindən ibarət bu dəstə almanların gözünü qorxutmalı, onların canına vəlvələ salmalıdır.
   Üstündən bir müddət keçib. Şoşanna adını dəyişib, sənədlərini qaydaya salıb və rəsmən bir fransızdır. Şəhərdə kinoteatrı var. Dəyişənsə zahiridir, olanları unutmaqmı olar? İş elə gətirir ki, alman ordusunda «xüsusi qəhrəmanlıq» göstərmiş bir zabit ona vurulur. Və haqqında film çəkilən bu gənc zərif oğlanın xəttilə o, alman elitasının məclislərinə düşür. Zabit özü haqda çəkilən filmin premyerasını onun kinoteatrında keçirməyə israr edir. Şoşanna qisasçı bir partlayış planı hazırlayır, bu plan elə “əclaflar”ın «kino» əməliyyatı ilə üst-üstə düşür. Tarantinonun filmində bu əsl ziyafətdir. İki qətliam planının bir-birindən xəbərsiz üst-üstə düşməyi. Hər ikisi gerçəkləşir. Şoşanna kinoteatrda partlayışla müşayiət olunan yanğın törədir - “əclaflar” dəstəsinin iki üzvüsə lojadan hamını qırır - Göbbelsi güllələyir, Hitleri lap aşsüzənə döndərir... filmin danışıla bilən süjeti budur.
   Amma filmin ən diqqətçəkən məqamı amansız olmaq nəzəriyyəsidir. Eses polkovniki Şoşannanı sağ buraxır, Şoşşanna onlarla almanın axırına çıxır. Bu, ən qəddar oyundur. Azacıq rəhm göstərən uduzacaq. Ona görə də bir epizodda zirzəmidəki gülləbarandan sonra sağ qalmış alman əsgərinə tərk-silah olmağı təklif edən ingilis casusu da əsgər silahı atan kimi onu güllələyir.
   Şoşanna da zəiflik edir. Və əlbəttə ki, sağ qalmır. Haqqında çəkilən «Millətin qüruru» filminin nümayişində Şoşannaya vurulmuş alman zabiti «qəhrəmanlığından» (o «yuva»dan aşağıdakı adamlara atəş açır. Təxminən 200-dən artıq adam öldürür) qəflətən çiyrənir, bu «insanları dənləmə» kadrlarını buraxıb yuxarı, kinooperator otağına - Şoşannanın yanına qalxır. Onu sevdiyini demək üçün, ekranda özünü görəndə özünü pis hiss etdiyini anlatmaq üçün. Şoşanna planını saniyə-saniyə ölçüb-biçib. Vaxtsız gələn aşiqini düşünmədən vuran qız onun yerdə uzanmış, can verən bədəninə baxır. Ona yazığı gəlir. Bu mərhəmət, aman hissiylə uduzur. Zabit güclə özünü toplayıb ona yaxınlaşan Soşannanı son nəfəsində öldürür...
   Bu oyun-mübarizədə yalnız ən amansız olan qazanır. Ən amansız olan. “Apaç” ləqəbli Aldo hətta eses polkovnikini də udur. Bu yəhudi əsilli amerikalının «meksikan-amerikan vestern» havalı qətlləri nəyi xatırladır? O zamanlar Amerikaya yeni gələn avropalılar, ispanlar, ingilislər, almanlar, fransızlar yerli əhalini beləcə amansızcasına qırardılar. Hamı amansız olanda, hamı qisas alanda, bütün bu ölüb-öldürmələr bitməyəndə “kimdir günahkar” sualına bir sualla qarşılıq verirlər: “Birinci kim başladı?”
   Tarantino onu lap uzaq tarixdə axtarmağı təklif edir. Bunlar filmin ən alt qatında görə biləcəyimizdir. Görünənsə amansızlıq nəzəriyyəsi və əyləncəli qətllərdir. Öldürmək əyləncədir! Baxmaq əyləncədir!    

   Snayperin səhəri
   

   Yazılış tərzinə, peşəkarlıq keyfiyyətlərinə görə Tarantinonun filmindən heç də geri qalmayan bir hekayə var. Vladimir Sorokinin «Snayperin səhəri» hekayəsi süjet baxımdan Tarantinonun ekran əsərindəki «Millətin qüruru» filmini xatırladır. İdeya da filmlə səsləşir: Həyat qəddardır. Onun kimi amansız olmayanları məğlub edir. Yaşamağın əsas formulu amansızlıqdır.
   Hekayədə Snayper evlərin birinin damına çıxır. Ordan bir-bir adamları nişan alıb öldürür. Yalnız birini öldürə bilmir. Və damdan enib adamlara qarışanda, gərək ki, sosiska növbəsində həmin adam ondan qabaqda dayanır. Bu da hekayənin danışıla bilən süjetidir. Amma o, hekayəni elə peşəkar yazır ki, eynən kompyuterdə gördüyümüz o qəddar oyunlardakı kimi nəfəsimizi çəkib onunla birgə nişan alırıq, birini vura bilməyəndə həyəcanlanır, təəssüflənirik...
   Hər iki əsərdə - filmdə də, hekayədə də adamların öldürülməsi bir oyun xarakterli, yüngül, əyləncəli bir işdir. Tarantino özü də bunu gizləmir: «Mənim lirik qəhrəmanımın əsas xarakteri budur - o gəlir, hamının dərsini verir və gedir».
   Zatən bunu onlara bağışlamaq olmur. O hekayəni yaza-yaza yazıçının əlini o snayperilə birgə tətiyə qoymasını, həyəcanla gözləməsini, öldürməsini və öldürə bilməyəndə təəssüflənməsini. Ən dəhşətlisi isə yazıçının, rejissorun oxucunun, tamaşaçının da barmağını o snayper tətiyinə qoymasını. Çünki tamaşaçı oyuna qoşulur, həyəcanlanır, öldürür. «Həyat qəddardır, mərhəmət məğlubiyyət, amansızlıq qələbədir. Amma bu, insanlıq üçün şərəfsiz qələbədir» fikirləri filmin, oyunun, hekayənin altında qalır. Uzağı tamaşaçı bunu baxandan, oxuyandan, oynayandan, əylənəndən sonra dərin-dərin düşünəndə bilir. Çünki tətiyə o da barmağını qoyur.
   
   Aliyə