Aprelin 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və almanların Cənubi Qafqaza köçünün 200 illiyinə həsr edilmiş “Azərbaycanda almanların tarixinə kulturoloji baxış” mövzusunda seminar təşkil olunub.
Tədbir “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının, Almaniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri, professor Fuad Məmmədov və texnika üzrə fəlsəfə doktoru Səlahəddin Eyyubov giriş sözü söyləyiblər.
Sonra Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Paul Amman, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Göygöl (keçmiş Helenendorf) rayonundan millət vəkili Rövşən Rzayev, tibb üzrə fəlsəfə doktoru Əmirxan Eyyubov, psixoterapevt Ramazan Əskərli, diplomat Hüseynağa Sadıxov mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda Almaniya-Azərbaycan mədəni əməkdaşlığı, müasir dövrdə Azərbaycan və Almaniya parlamentləri arasında əlaqələr, XIX əsrin əvvəllərində almanların Azərbaycana köçünün səbəbləri barədə danışıblar.
Seminarın gedişində İsrailin Hayfa şəhəri ilə videobağlantı qurulub. Hayfa Universitetinin sabiq rektoru, professor Yossi ben Artzi və Bəhai icmasının üzvü Alina Süleymanova videokörpü vasitəsilə seminara qoşulublar.