Milli Kitabxanada treninq keçirilir
   
   Aprelin 12-də Azərbaycan Milli Kitabxanasında ALİSA elektron kitabxana sisteminin və innovasiyaların kitabxanalarda tətbiqi mövzusunda treninq başlayıb.
   Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşkilatçılığı ilə aprelin 18-dək davam edəcək treninqdə Salyan, Neftçala, Göyçay, Ağdaş mərkəzi kitabxanalarının əməkdaşları iştirak edirlər. Təlimlər Milli Kitabxananın Treninq mərkəzində keçiriləcək.
   Tədbirin açılışında Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək treninq barədə danışıb. O, elektron kitabxana sisteminin və innovasiyaların kitabxanalarda tətbiqinin vacibliyindən bəhs edib, tövsiyələrini verib.
   Qeyd edək ki, treninq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yerlərdə keçirdiyi qəbullar zamanı kitabxana işçilərinin müraciətləri əsasında təşkil edilib. 
   
   Lalə