Gələn ay paytaxtımızda operasevərləri sürpriz gözləyir. Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin birgə mədəni proqramı çərçivəsində teatrda Cakomo Puççininin “Madam Batterlyay” (“Çio-Çio-San”) operası oynanılacaq. 
   Teatrın daimi repertuarında olan bu tamaşada Çio-Çio-San partiyasını İtaliyanın tanınmış opera müğənnisi Silvana Froli ifa edəcək. Sinyora Froli indiyədək Belçika, Almaniya, Norveç, İngiltərə, İspaniya və ABŞ opera teatrlarında, müxtəlif klassik musiqi festivallarında uğurla çıxış edib. Tamaşada Şarples partiyasını Ukraynanın Əməkdar artisti, Azərbaycan operasevərlərinin yaxşı tanıdığı Dmitri Qrişin ifa edəcək. 
   “Madam Batterflyay”dakı digər partiyaların ifaçıları isə öz teatrımızın solistləri - əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Suzuki), Əliəhməd İbrahimov (Qoro), eləcə də Tural Ağasıyev (Yamadori) və Səbinə Əhmədova (Ket) olacaq. 
   Tamaşanı orkestr çökəyindən tanınmış italyan dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcək. Maestro Peskasseroli Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, həmçinin Qətər, İstanbul, Belqrad və Meksikada orkestrlərin dəvətli dirijorudur.
   
   G.Mirməmməd