Kino işçilərinin bayramında dövlət sifarişi ilə çəkilmiş “Dolu” filminin təqdimatı keçirildi
Avqustun 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan kinosunun yaranmasının 114-cü ildönümünə həsr olunmuş mərasim keçirildi. Tədbirə gələn qonaqlar mərkəzin qarşısında milli kinomuzun fotosalnaməsi ilə tanış oldular, foyedə isə uşaq rəqs ansamblının çıxışına tamaşa etdilər.
Tədbirdə əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son bir ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği istiqamətində həyata keçirilən tədbirləri əks etdirən videomaterial nümayiş olundu.
“Azərbaycanfilm” kinostudiyası yenidən qurulacaq
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün kino işçilərini peşə bayramı, 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə təbrik edərək, son illər ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışdı: “Bu gün kino sahəsində çalışanların peşə bayramıdır. Artıq bizdə belə bir ənənə formalaşıb ki, hər il kino günündə yeni bir filmin təqdimatını keçiririk. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kino sənayesinin inkişafına çox böyük önəm verir. Biz ilk dəfədir ki, Milli Kino Gününü yeni bərpadan çıxmış Nizami Kino Mərkəzində qeyd edirik. Düşünürəm ki, hər il biz kinosevərlərə bu cür yeni hədiyyələr təqdim edə biləcəyik. Məlumat üçün deyim ki, ölkə başçısının sərəncamına əsasən, bu ilin sentyabr ayından Fransa şirkəti “Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması layihəsi üzərində işə başlayacaq. Bu işə Fransanın tanınmış kino xadimləri və mütəxəssisləri cəlb olunacaq”.
”Dolu” Azərbaycan kinosunda yeni sözdür
Nazir Əbülfəs Qarayev “Azərbaycanfilm” kinostudiyasında yeni istehsal olunan “Dolu” filmi barədə də təəssüratlarını bölüşdü: “Mən o filmə baxmışam və hesab edirəm ki, Qarabağ mövzusunda çox dəyərli və maraqlı, sözün əsl mənasında, həqiqəti əks etdirən bir ekran əsəridir. İnanıram ki, film böyük əks-səda doğuracaq. Çünki ”Dolu” Azərbaycan kinosunda yeni sözdür”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına dəstək verməyə hazırıq
Nazir çıxışında yeni təsis olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətindən də danışdı: “Bu yaxınlarda bir qrup qabaqcıl, tanınmış kino xadimi Azərbaycanda kino sahəsində islahatların aparılması, yenidən qurulması meyarını əsas tutaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını təsis etdilər. Azərbaycanda bütün sahələrdə çalışan insanların müxtəlif qurumlarda birləşmək, öz qarşılarına yeni məqsədlər qoymaq, yaradıcılıq proseslərini gücləndirmək hüquqları var. Qısa müddətdə görülən işlər göstərir ki, təşkilatın üzvlərinin sayı gündən-günə artır və onlar həqiqətən Azərbaycan kinosunun inkişafında maraqlıdırlar. Kino xadimləri bu gün müasirliyə, yeniliyə və inkişafa daha böyük maraq göstərirlər. Ona görə də düşünürük ki, yeni yaradılmış qurumun fəaliyyəti uğurlu olacaq. Biz bu gün yeni yaradılan ittifaqa dəstək verməyə hazırıq. Ölkə başçısının imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bizə hər il yeni nailiyyətlər əldə etməyə imkan verəcək. Mən inanıram ki, biz birlikdə uğurla fəaliyyət göstərəcəyik və Azərbaycan kinosunun inkişafı proqramı uğurla həyata keçəcək”.
Təltiflər, təbriklər...
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi təşkilatın yaranmasından ötən bir ayda üzvlüklə bağlı 270-dən artıq müraciətin daxil olduğunu dedi: “İttifaq qurulur, işlər davam edir. Çalışırıq ki, kinomuz dirçəlsin, yaşasın, həmişə var olsun. Həmkarlarımı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram”.
Ş.Məmmədova bildirdi ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Milli kinonun inkişafına verdiyi töhfələrə görə” mükafatı təsis edib və bu mükafat hər il bir kino xadiminə veriləcək. Bu il mükafata görkəmli aktyor, Xalq artisti Yaşar Nuri layiq görülüb. Mükafat Xalq artistinə təqdim edildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup mədəniyyət xadimi səhnəyə dəvət edildi və onlara medal və fəxri adlar təqdim olundu. Mərasimdə milli kinomuzun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə nazirlik tərəfindən pul mükafatları verildi.
Azərbaycan Kinosu Günü münasibətilə Bakıya gəlmiş Rusiya Kinematoqrafçılar İttifaqının sədr müavini Klim Lavrentyev, Rusiya Dövlət Film Fondunun direktoru Nikolay Borodaçyov çıxış edərək azərbaycanlı həmkarlarına peşə bayramı münasibətilə təbriklərini çatdırdılar. Klim Lavrentyev Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqına uğurlar arzulayaraq təşkilatla əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirdi. Qonaqlar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya və Azərbaycan Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevə hədiyyələr təqdim etdilər.
“Dolu”: Qarabağ həqiqətlərinin kinosalnaməsi
Sonra dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Dolu” bədii filminin yaradıcı heyəti səhnəyə dəvət olundu. Qarabağ müharibəsi mövzusunda çəkilmiş filmin ssenari müəllifi yazıçı-publisist, millət vəkili Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirovdur. Əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkiliblər.
Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirən filmin yaradıcı heyət üzvləri - ssenari müəllifi Aqil Abbas, bəstəkar Polad Bülbüloğlu və rejissor Elxan Cəfərov bu ekran əsərinin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Sonra “Dolu” filmi nümayiş olundu. Təsirli səhnələr, gözəl musiqi və aktyor oyunu ilə zəngin olan ekran əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Ceyhun Zərbəliyev