Dolu təbiət hadisəsidir, yağışdan, qardan fərqli olaraq, qəfildən yağır və qarşısına çıxan hər nə varsa, məhv edir. Cəmiyyətin də öz dolusu var. Bu müharibə adlı fəlakətdir. Yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında çəkilən “Dolu” bədii filmi Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə yanaşı, müharibə, insan və ümid haqqında ən yaxşı ekran əsəri kimi yadda qaldı.
   
   Film barədə təəssüratlarıma keçməzdən əvvəl xatırlatmalıyam ki, “Dolu” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib və ilk dəfə avqustun 2-də - Milli Kino Günündə - Nizami Kino Mərkəzində nümayiş olunub.
   Ekran əsərinin quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur. Filmdə Fuad Poladov, Məmməd Səfa, Fərhad İsrafilov kimi tanınmış aktyorlarla yanaşı, kinoda ilk addımlarını atan gənclər də çəkiliblər.
   
   “Dolu” başlayır
   
   Filmə ikinci baxış. Ağzınacan dolu zal. Bu filmi göz yaşlarsız seyr etmək mümkün deyil.…Çaşqın, qarışıq, qorxulu bir tarix - 1991-ci il. Sovet imperiyası çöküb, bu dağıntılar altında Mərkəz idarəetmə qabiliyyətini itirib. Düşmən qapı ağzındadır. Sadə, əliyalın xalq ümidini “yuxarılara” bağlayıb. Vətənin bu başında torpaq davası, o başında kreslo davası gedir. İki cəbhənin fərqli insanları, iki döyüşün fərqli qəhrəmanları...
   Mərmilər, güllələr vətənə yağır, bu vəziyyətdə düşmən qarşısına kim çıxa bilər, kim sinəsini vətənə sipər edər? Min illərin sınağıdır, sadə xalqın qeyrətli oğulları. Hərbiçilərdən və könüllülərdən ibarət batalyon təpədən dırnağacan müasir silahlarla silahlanmış düşmənlə üz-üzə dayanır. Ölüm qaçılmazdır, amma ölümə məhəl qoyan kimdir. Oğullar zəmi kimi biçilir, qocalar, qadınlar, uşaqlar süngülərə keçirilir. Qarabağ müharibəsinin gerçək səhnələri “Dolu”da yenidən canlanır.
   
   Uğur
   
   ilk növbədə “Dolu” romanından başlayır. Son illərdə, sözün yaxşı mənasında, böyük səs-küyə səbəb olan bu roman Qarabağ mövzusunda yazılan ən yaxşı əsər kimi dəyərləndirilir. Çünki Qarabağ hadisələrinin və döyüşlərinin şahidi olan müəllif “Dolu”da müharibənin içində baş verən reallıqları əks etdirir. Aqil Abbas özü bu barədə belə deyir: “Roman dünyanın ən varlı şəhərinin erməni işğalçılarına qarşı dirimsiz ölüm savaşı apardığı dövrdə orada yaşayan, döyüşən insanların yaşantılarını, həmin dövrdə ölkəyə rəhbərlik edən məmurların faciələrini əks etdirir. Əslində bu qiyamət günü idi, sağlığımızda gördük. Romandakı obrazlar real insanlardır. Mən onların heç birini özümdən qondarmamışam. Bizim Qarabağ müharibəsində Komandir kimi oğullarımız azmı olub? O qədər Pələnglər özlərini tankın altına atıb ki... Mən müharibə vaxtı olduğum cəbhə bölgələrinin demək olar ki, hamısında Drakona rast gəlmişəm. Onları bir-birindən heç nə ilə fərqləndirmək olmurdu. Əslində bütün mərdlər əkiz doğulurlar, elə əkiz də ölürlər”.
   “Dolu”nun ekran həllini çiyninə götürən Elxan Cəfərov da rejissor yozumu ilə “Dolu”nu dolğunlaşdırır. Bu səbəbdən Aqil Abbas: “Bu film rejissorundur, amma əgər tamaşaçı bəyənsə, deyəcəm ki, mənim də payım var” - söyləməklə rejissorun zəhmətini yüksək dəyərləndirir. Elxan Cəfərov filmdə böyük döyüş səhnələrini, xüsusilə zirehli texnika ilə hücum səhnəsini uğurla səhnələşdirməyi bacarıb. “Dolu” müasir kino estetikasının tələblərinə cavab verən formatda araya-ərsəyə gətirilib.
   Rejissor film barədə belə deyir: “Son söz həmişə tamaşaçının olub, bunu hər kəs bilir. Təkcə onu deyə bilərəm ki, bu sadə, klassik üslubda çəkilmiş yarıdöyüş, yarıpsixoloji bir dramdır. Birinci növbədə məqsəd və vəzifəmiz nəinki bu mövzuda, digər mövzularda da istehsal etdiyimiz bütün filmlərlə Azərbaycan tamaşaçısını inandırmaq, onu yenidən kinoteatrlara cəlb etmək, həmişə olduğu kimi, cəmiyyətin aparıcı mədəniyyət qüvvələrindən birinə çevirməkdən ibarətdir. İnanıram ki, bu məqsədimizə nail olacağıq”.
   Rejissorun düzgün aktyor seçimi də “Dolu”nun daha bir uğurudur. Əməkdar artist Məmməd Səfanın oyandığı Komandir rolu şübhəsiz ki, kino salnaməmizdə yeni səhifə kimi yadda qalacaq. İndiyədək kinoda müxtəlif obrazlar yaradan Məmməd Səfa bu rolu şərəfli bir rol kimi dəyərləndirir. Şərəfli rolu qeyri-adi oyun tərzi ilə sevdirən isə Məmməd Səfanın oyunudur.
   Müharibə gedən şəhərin katibi rolunu oynayan Xalq artisti Fuad Poladovun ifası da, həmişə olduğu kimi, yüksək sənətkarlığı ilə yadda qalır. Məğlub olan şəhərin başçısı sonda öz faciəsini yaşayır. Əməkdar artist Fərhad İsrafilov milis rəisi, Rza Rzayev Drakon, Elvin Əhmədov Pələng, Oqtay Quliyev baza müdiri, Vaqif Səmədzadə Polyaniçko, Vüsal Murtuzəliyev Jurnalist, Gülzar Cəfərova Pələngin anası, Əməkdar artist Şamil Süleymanov Müəllim - bir sözlə, filmdə yer alan hər bir aktyor öz rolunu məharətlə oynayır. Pələng və Drakon obrazları Vətəninə, torpağına bağlı olan iki gəncdir. Qeyri-bərabər döyüşdə onların yaşantıları, göstərdikləri fədakarlıq yüksək vətənpərvərlik nümunəsi kimi yeni nəsillərə təqdim olunur. Filmdəki yeganə qadın obrazı isə bütün şəhid analarının ümumiləşdirilmiş simasıdır.
   
   “Dolu”nun mükəmməl musiqisi
   
   Qarabağ həm də musiqi beşiyidir. Bu torpağın adamlarına hava, su kimi musiqi də lazımdır. Özü də zövqlü musiqi. Deyəsən, filmin yaradıcıları bunu məxsusi olaraq nəzərə alıblar. “Dolu”ya məhz görkəmli bəstəkar, Xalq artisti Polad Bülbüloğlu musiqi yaza bilərdi. Necə ki, yazdı və film həm də dərdlərimizi ifadə edən musiqisi ilə yadda qaldı. Polad Bülbüloğlu «Dolu»nu belə dəyərləndirir: “Çox mükəmməl bir filmdir, həyəcan içərisində izlədim. Filmi güclü yaradıcılıq məhsulu kimi qiymətləndirmək olar. Burada hər şey mükəmməldir: ssenari, rejissor işi, aktyor oyunu. Mən «Dolu» filmini Azərbaycan kinematoqrafiyasında hadisə kimi qiymətləndirirəm. Böyük uğurdur”.
   Bəstəkar filmdəki qonorarından da imtina edib: “Mən Qarabağ mövzusunda olan “Dolu” filminə bəstələdiyim musiqiyə görə qonorar ala bilməzdim. Vətən uğrunda son damla qanına qədər döyüşən igidlərimizin qəhrəmanlıqlarından bəhs edən əsərə musiqi yazmaq mənim borcum idi”.
   Quruluşçu operatoru Nadir Mehdiyevin, quruluşçu rəssam Rafiq Nəsirovun, geyim rəssamı Elfira Hüseynovanın, rejissorlar - Əməkdar artist Ənvər Həsənov, Əliqulu Səmədovun, redaktor Ramiz Fətəliyev və icraçı prodüser Nadir Əliyevin də xidmətlərini qeyd etməliyik. Bütövlükdə, “Dolu”nun yaradıcı heyəti filmdə, sözün əsl mənasında, fədakarlıqları ilə milli kinomuzun inkişafına öz töhfələrini verdilər.
   
   Və filmin sonu haqqında son söz
   
   ...İllər keçib. Yaşa dolmuş komandir yenidən məğlub olmuş şəhərə qayıdır. Heç bir qadağa onu dayandıra bilməz. O, Vətəni ikiyə bölən sərhədi keçir. Ruhlar Vətənə qayıdır...
   ...Qarabağa həmişə dolu yağmayacaq, gec-tez hava açılacaq, gün çıxacaq, biz də o torpağa qayıdacağıq. “Dolu” tək müharibə haqqında deyil, həm də ümid haqqında filmdir. Kinoşünas Aydın Kazımzadənin dediyi kimi: “Gözəl filmdir. Finalda böyük bir ümid işığı var”.
   
   Təranə Vahid