Azərbaycan opera ifaçılığı sahəsində uca zirvələr fəth edən bir çox sənətkarlarımız olub. Onların səsləri ilə həyat verdikləri obrazlar, uzun illər ötsə də, sənət salnaməmizdə yaşayır. Görkəmli müğənni, SSRİ Xalq artisti, anadan olmasının 90 ili tamam olan Lütfiyar İmanov belə korifeylərimizdəndir. 
   Lütfiyar Müslüm oğlu İmanov 1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olub. Orta məktəbdə oxuyarkən rəssamlığa meyil etsə də, səhnə ilə daha çox maraqlanır. Orta məktəbi bitirdikdən sonra Sabirabad Dram Teatrında suflyor ştatına işə qəbul edilir. Tamaşalarda aktyor kimi çıxış etmək istəyi də burada həyata keçir. Tamaşaların birində xəstələnən aktyoru əvəz edir və bundan sonra teatrın rəhbərliyi onu aktyor ştatına keçirir. 
   Lütfiyar İmanov Bakıda keçirilən bədii özfəaliyyət kollektivlərinin respublika müsabiqəsinə qatılır və Asəf Zeynallı adına Musiqi Məktəbinə imtahansız qəbul olunur. Burada Aleksandr Milovanovun sinfində vokal sənətinin sirlərinə yiyələnir. Tələbə ikən Azərbaycan Radiosunun xoruna solist qəbul edilir. “Araz” kinoteatrında həftəsonu axşam seanslarından öncə kiçik proqramlarla solo çıxış edir. İfa üslubu, yüksək səhnə mədəniyyəti, repertuar seçimi tamaşaçıların diqqətini çəkir. 
   Musiqi təhsilini müvəffəqiyyətlə başa vurur və sənədlərini konservatoriyaya verir. Qəbul zamanı imtahan götürən görkəmli sənətkar Bülbül onun səsini bəyənsə də, yaradıcılıqla məşğul olmasını məsləhət görür. O, Musiqili Komediya Teatrına üz tutur. Burada Aşıq Murad (“Durna”, S.Rüstəmov), Sərvər, Vəli (“O olmasın, bu olsun”, “Arşın mal alan”, Ü.Hacıbəyli) və s. obrazları canlandırır. Teatrda yaratdığı müxtəlif xarakterli rolların sorağı yayılır, sənətkarlığı yüksək qiymətləndirilir. Onu Opera və Balet Teatrına dəvət edirlər. Bu, onun gələcək taleyində mühüm rol oynayır. Teatrda görkəmli opera müğənnisi kimi yetişir.
   1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə qatılır. “Koroğlu” operasında Bülbülün dublyoru olaraq təsdiq edilir. Moskvada Böyük Teatrdakı çıxışı sürəkli alqışlarla qarşılanır. Onun Koroğlu obrazındakı debütü milli opera sənətində yeni sənət estetikasının təməlini qoyur. L.İmanovun Koroğlusu həyatiliyi, canlı xarakteri və qüvvətli realizmi ilə Moskvanın nüfuzlu sənətşünaslarının resenziyalarında xüsusi vurğulanır. Moskvadakı dekadadan sonra sənətkara Əməkdar artist adı verilir. Bu uğuru onun sənət zirvələrinə gedən yoluna işıq salır. O, bundan sonra özünə qarşı daha tələbkarlıq nümayiş etdirir. Oynadığı rollarda janr müxtəlifliyinə həssaslıqla yanaşır. R.Leonkavallonun “Məzhəkəçilər” operasındakı gözəl oyunu da alqışlarla qarşılanır. 
   Görkəmli sənətkar 1960-cı ildə F.Əmirovun “Sevil” operasında Balaş, R.Mustafayevin “Vaqif” operasında Vaqif rolu ilə də öz sözünü deyir. Balaş rolunu ondan əvvəl Rəşid Behbudov oynasa da, L.İmanov bu sənət imtahanından da uğurla keçir. O, Balaşın müsbət cəhətlərinə də diqqət yetirərək qarşılaşdığı bədbin həyat hadisələrini özünəməxsus şəkildə təqdim edir. Böyük Teatrda J.Bizenin “Karmen” operasında Xoze rolunda çıxış edən sənətkarın bu ifası tələbkar Moskva operasevərləri tərəfindən rəğbətlə qarşılanır. 
   C.Verdinin “Otello” operasında səhnəyə çıxan müğənni sənətin ən uca zirvələrindən birini də fəth edir. Tamaşaçıları Otellonun məhəbbətinə, könül duyğularına, qısqanclığına inandırır. Özünə qədərki Otello ifaçılarını təqlid etmədən tutduğu orijinal yaradıcılıq yolu onun səhnə estetikasını aydın səciyyələndirir. Qəhrəmanının daha çox insani keyfiyyətlərini ön plana çəkir. Səs imkanlarından məharətlə yararlanaraq obrazın mənəvi dünyasını dolğunluqla yaratmağa müvəffəq olur. 
   Ümumiyyətlə, opera müğənnisinin yaratdığı obrazlar həyatiliyi və xarakterik məzmunu ilə seçilib. Nəinki keçmiş SSRİ məkanında, bir çox xarici ölkələrdə də sevilib. Onun adı SSRİ xalq artistləri Yelena Obraztsova, İrina Arxipova, Tamara Milaşkina, Zurab Andcaparidze ilə bir sırada çəkilir. 
   O, vokal sənəti üzrə ali təhsil ala bilməsə də, Moskvada Böyük Teatrda (1965), Milanda La Skala Teatrında (1975) keçdiyi təcrübə sənətkar kimi yetişməsində böyük rol oynayıb. Onu da qeyd edək ki, müğənni 1968-ci ildə həmçinin indiki Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq fakültəsini bitirib.
   L.İmanovun çoxcəhətli yaradıcılığının əsas istiqamətlərindən biri də konsert ifaçılığıdır. O, konsert proqramlarında milli musiqimizi, xalq mahnılarımızı böyük məhəbbətlə təbliğ edib. “Azərbaycan maralı”, “Evləri var xana-xana”, “Qalalıyam”, “Ay Laçın”, “Küçələrə su səpmişəm” kimi xalq mahnılarının bənzərsiz ifası ilə qəlbləri sehrləyib. Bundan əlavə, “Görüş”, “Koroğlu”, “Səhər”, “Ulduz”, “Sevil” kimi ekran əsərlərindəki təkrarsız ifaları bu gün də tamaşaçıların zövqünü oxşayır. 
   1967-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülən müğənni 10 il sonra SSRİ Xalq artisti adını alır. Sənətkar həmçinin müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenləri ilə də təltif olunub.
   Ömrünün müdrik çağlarında konservatoriyada professor kimi pedaqoji fəaliyyət göstərən L.İmanov gənc ifaçılara vokal sənətinin sirlərini öyrədib. Teatr və musiqi mədəniyyətimizdə özünəməxsus yer tutan Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə vəfat edib.
   
   Savalan Fərəcov