Mədəniyyət və Turizm Nazirliyinin “Milli irs mükafatı”nın növbəti təqdimatı oldu
Ənənəvi olaraq bu il də 18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü ölkəmizdə çeşidli tədbirlərlə qeyd edildi. 1983-cü ildə UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə bu günün təsis edilməsində məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi qəbullar sarayında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi keçirildi.
Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində ümummilli liderin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və mədəni irs” adlı fotosərgi ilə tanış oldular.
Sonra ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı videoçarx nümayiş olundu.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev bildirdi ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. Qeyd olundu ki, Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə paytaxtda və bölgələrdə müxtəlif tədbirlər təşkil edilir, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeylərdə 18 aprel tarixində “açıq qapı” günü elan olunur. Vurğulandı ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu sahədə ölkəmizdə və xaricdə mühüm işlər həyata keçirilir.
Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Bu yaxınlarda daha iki belə layihə başa çatıb. Martın 25-də Prezident İlham Əliyev əsaslı şəkildə bərpa olunan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub. Martın 26-da Quba şəhərindəki “Hündür günbəzli hamam”ın təmir-bərpadan sonra açılışı reallaşıb.
Əbülfəs Qarayev qeyd etdi ki, xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də bir sıra uğurlara imza atılıb. İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə, habelə Qobustan qoruğu UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.
“Dövlət tərəfindən tarixi irsə göstərilən qayğı cəmiyyət üçün nümunə olmalıdır”
Qədim abidələrin, tarixi məkanların xalqımızın keçmişini yaşatmaqla yanaşı, gələcəyimiz üçün də böyük önəm kəsb etdiyini deyən Əbülfəs Qarayev ölkə Prezidenti tərəfindən bununla bağlı imzalanan fərman və sərəncamların, qəbul olunan dövlət proqramlarının əhəmiyyətini vurğuladı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini ehtiva edir: “Proqrama daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib”.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətindən danışan Əbülfəs Qarayev bildirdi ki, dövlət tərəfindən tarixi abidələrə göstərilən diqqət və qayğı cəmiyyət üçün də nümunə olmalıdır: “Mən bütün biznes nümayəndələrindən, inşaatçılardan xahiş etmək istəyirəm ki, hər hansı yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar. Yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq düşünün ki, sizin tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, inşaatçılar əziyyət çəkiblər. Onun dağıdılmasına imkan verməyin. Siz öz əməyinizlə keçmişə hörmətlə yanaşmalısınız”.
Əbülfəs Qarayev çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik etdi, uğurlar arzuladı.
Mərasimdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova mədəni irsin əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, tarixi abidələrin mühafizəsinə diqqət göstərmək hər bir vətəndaşın borcudur. Çıxışlarda tarix və mədəniyyət abidələrinin qorunması sahəsində həyata keçirilən layihələrdən bəhs edildi.
Mədəni irsin mühafizəsi, bərpası və təbliğində xidmətlərə görə
Tədbirdə daha sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı oldu.
Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə Dövlət Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı Cəlil Hüseynov, mədəni irsin tədqiqində xidmətlərinə görə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev və Azərbaycan irsinin təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Memarlar İttifaqı “Milli irs mükafatı”na layiq görüldü.
Bunda əlavə, mədəni irsin qorunması və təbliğində xidmətlərinə görə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, mədəni irsin qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Qəbələ Dövlət tarix-bədii qoruğunun bərpaçı rəssamı Məhəmməd Əhmədov, Bərdə, Şamaxı və Masallı rayonlarından abidə mühafizəçiləri Lalə Məmmədova, Yasin Nuriyev və Elşad Mənsimov Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edildilər.
Fariz Hüseynov