Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır. Kollektiv 1-6 may tarixində Vladiqafqaz şəhərində fəaliyyət göstərən Dövlət Akademik Dram Teatrının qonağı olacaq və görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə çıxış edəcək. 
   Tərəfdaş teatr öz növbəsində 12-19 may tarixində keçiriləcək III Beynəlxalq Şəki Teatr Festivalına qatılmaq üçün ölkəmizə gələcək. Kollektiv festivalla yanaşı Bakıda qastrol səfərini davam etdirərək, V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını ADGTT-nin səhnəsində nümayiş etdirəcək.
   * * *
   Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının bir sıra festivallardan mükafatla qayıdan “Zəng” mono-tamaşası aprelin 22-dən 30-dək İranın Məşhəd şəhərində reallaşacaq “Jigi-Jigi” Beynəlxalq performans və sənət festivalında göstəriləcək. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun oynadığı tamaşa həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. 
   10-dan artıq ölkənin təmsil olunacağı festivalda seminarlar və ustad dərslərinin təşkili də nəzərdə tutulub. Tədbirə fəxri qonaq qismində dəvət olunan Kukla teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə mərkəzin son 5 ildəki fəaliyyəti ilə bağlı festival iştirakçıları qarşısında çıxış edəcək.