Azərbaycan müəlliflərinin ərəb dilində çap olunmuş kitablarının Qətərdə təqdimatları keçiriləcək
   
   Xəbər verdiyimiz kimi, ölkəmizin nümayəndə heyəti Doha şəhərində Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasiminə qatılıb. Mərasimdə 30-dan artıq ölkədən nümayəndələr, dövlət rəsmiləri, nazirlər, milli kitabxanaların direktorları iştirak edib.   
   Səfər zamanı paytaxt Dohada Azərbaycan və Qətər milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qətər Milli Kitabxanasının direktoru xanım Sohair Vastavıy imzalayıblar.
   İmzalanma mərasimində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov, habelə Qətər Fondunun və Milli Kitabxanasının əməkdaşları iştirak ediblər. 
   Bu, Azərbaycan Milli Kitabxanasının dünya ölkələrinin milli kitabxanaları ilə imzaladığı sayca 35-ci memorandumdur. Beş il müddətinə imzalanan sənəd qarşılıqlı kitab, informasiya və elektron resursların, qiymətli kitabların və əlyazmaların surətlərinin, yaxud rəqəmsal variantlarının mübadiləsi, əməkdaşların təcrübə mübadiləsini, habelə innovativ yeniliklərin tətbiqi üzrə treninqlərin, elmi konfransların keçirilməsi və ənənəvi kitab sərgilərində iştirak kimi məsələləri əhatə edir. Memorandumda Azərbaycan müəlliflərinin ərəb dilində çap olunmuş yeni kitablarının təqdimat mərasimlərinin keçirilməsi də əksini tapıb.
   Mərasimin sonunda Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında fotoalbomu, Qarabağın tarixinə dair kitabı, Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ xanəndələri” muğam diskləri toplusunu, Azərbaycanın qədim musiqi alətləri haqqında kitabı Qətər Milli Kitabxanasına hədiyyə edib.
   Sonra yaxın gələcək üçün əməkdaşlığın perspektivləri müzakirə olunub, Qətər Milli Kitabxanasının direktoru Azərbaycana dəvət edilib.