Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılmasında müstəsna xidmətlər göstərmiş Qara Qarayevin 100 illik yubileyi respublikamızda və bir sıra xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunur. 
   Dahi musiqiçinin yubileyi ilə bağlı Amerika Birləşmiş Ştatlarında da müxtəlif layihələr reallaşdırılır. ABŞ-da yaşayan həmyerlimiz, musiqişünas, orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin təsis etdiyi Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) tərəfindən bəstəkarın yubiley tədbirləri ölkənin bir sıra ştatlarında qeyd edilir.
   Şimali Texas Universitetinin Musiqi kollecində keçirilən konsert proqramı böyük bəstəkarın yubileyinə maraqlı sənət töhfəsi olub. Universitetin tanınmış pedaqoq və musiqiçilərinin ifasında Qara Qarayevin kamera əsərləri, piano prelüdləri, skripka və fortepiano üçün sonatası, “Don Kixot” simfonik qravürlərinin violonçel üçün transkripsiyaları, vokal əsərləri, baletlərindən parçalar səsləndirilib. Konsert proqramı Texas ştatının dövlət radiosunda səsləndirilib, musiqili proqram mətbuatda geniş işıqlandırılıb.
   Bundan əlavə, yanvar ayında AAMF tərəfindən Amerika İctimai Mediası Radiosunun dünya orqan musiqisinə həsr olunmuş “Pipedreams” proqramında Cəmilə Cavadova-Spitsberqin Niderlandın Rotterdam şəhərindəki St. Laurens kilsəsində yazdırdığı “Qara Qarayev: orqan üçün köçürmələr” musiqi albomundan 13 dəqiqəlik çıxarışlar səsləndirilib. Proqramın baş icraçısı Maykl Baron bəstəkarın bu əsərlərini əsrarəngiz sənət nümunələri kimi dəyərləndirib.
   Yubileylə bağlı layihələr il ərzində davam etdiriləcək. C.Cavadova-Spitsberqin təşəbbüsü ilə ABŞ-ın İndiana ştatının Karmel şəhərində keçirilən gənc pianoçular müsabiqəsinin tanınmış müasir bəstəkarlar bölməsinə Qara Qarayevin əsərləri də daxil edilib. Müsabiqə 27 iyun - 1 iyul tarixlərində baş tutacaq. Müsabiqədə Q.Qarayev əsərlərinin ən gözəl ifaçısı pul mükafatına layiq görüləcək.
   Yubiley tədbirləri çərçivəsində AAMF tərəfindən dahi bəstəkarın qızı, pianoçu Züleyxa Qarayeva-Bağırova tərəfindən redaktə olunmuş seçilmiş fortepiano əsərlərindən ibarət albom işıq üzü görəcək. Alboma bəstəkarın 17 əsəri daxil ediləcək.
   Qeyd edək ki, 2018-ci ilin yanvarında ABŞ-da təsis edilən Azərbaycan-Amerika Musiqi Fondu artıq rəsmi qeydiyyatdan keçib. Fondun başlıca məqsədi Azərbaycan musiqisini və onun görkəmli nümayəndələrini ABŞ-da təbliğ etmək, iki ölkənin mədəni münasibətlərinin inkişafına töhfə verməkdir. Qurumun təsisçiləri hesab edirlər ki, musiqi sahəsində əməkdaşlıq etməklə iki ölkənin musiqisinin öyrənilməsi xalqlarımız arasında qarşılıqlı anlaşmanı daha da inkişaf etdirəcək. Təşkilat iki ölkə arasında qarşılıqlı münasibətlərin qurulması və körpülərin salınması üçün vasitə olaraq musiqidən və musiqi təhsilindən istifadə etməyi nəzərdə tutur. Fondun təsisçilərindən biri və icraçı direktoru Cəmilə Cavadova-Spitsberqin bildirdiyinə görə, qurum Azərbaycan musiqisini amerikalı dinləyiciyə təqdim etməklə yanaşı, Amerika musiqiçilərinin azərbaycanlı həmkarları ilə əlaqələr yaratmasına kömək edəcək.
   Onu da bildirək ki, Azərbaycan-Amerika Musiqi Fondu dahi bəstəkarın 100 illik yubileyi münasibətilə 2018-ci ili “Qara Qarayev ili” elan edib. Fondun təşkilatçılığı ilə ABŞ-ın müxtəlif şəhərlərində Qara Qarayev irsinə həsr olunmuş tədbirlər və konsertlərin keçirilməsi nəzərdə tutulur. 
   
   Lalə