Aprelin 20-də Rusiyanın Yakutsk şəhərində P.A.Oyunski adına Saxa Akademik Teatrının səhnəsində ilk dəfə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası oynanılacaq.
Teatrın saytında yer alan məlumatda “Arşın mal alan”ın Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ən populyar operettası olduğu vurğulanır, bir əsr yaşı olan əsərin dünyanın bir çox dillərində səsləndiyi qeyd olunur. “Arşın mal alan”ın mətnini yakut dilinə tanınmış nəğməkar şair Viktor Xon-Omuk Uol çevirib.
Saxa Dövlət Estrada Teatrının tamaşası olan operettaya Əməkdar artist Vladlena Burnaşova-Saxai quruluş verib. Tamaşada teatrın aktyorları Alyona Yakovleva, Konstantin Stepanov, Anastasiya Qotovseva, Aleksandr Burnaşov, Varya Amanatova, German Stepanov, Valentina Romanova-Çıskııray, Ayqılaan iştirak edirlər. Tamaşanın musiqi rəhbəri Natalya Struçkova, geyim rəssamı Andrey Zıkov, səhnə tərtibatçısı Amqalena Notara, xoreoqrafı Alina Pavlovadır.
Gülcahan Mirməmməd