Tarixdən səhifələr... 
   
   “Tarixdən səhifələr”də illər öncə respublikamızın ictimai-mədəni həyatı, ədəbiyyat və incəsənəti ilə bağlı qəzetlərdə dərc olunan yazılardan, xəbərlərdən seçmələr təqdim edərək dövrə, ötəri də olsa, mətbu ekskurs etməyə çalışacağıq. Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik.
   
   
   80 il əvvəl...
   
   Kremldə qəbul olunmağımız məni o qədər sevindirmişdir ki, qəlbimdəki hissləri ifadə etməyə söz tapa bilmirəm. 
   Aprelin 17-si ömrümün ən parlaq, ən əlamətdar bir günüdür. 
   Bizi-dekadanın iştirakçılarını-son dərəcə həyəcanlandıran ilk mükafat tamaşa zamanı lojada olan hökumət üzvlərinin alqışları oldu. 
   Biz Moskvada özümüzü qonaq kimi hiss etmirdik. Bura yad şəhər deyildir. Moskva, bir hissəsində Azərbaycan respublikasının yerləşdiyi Sovetlər İttifaqının paytaxtı, bizim öz paytaxtımızdır. Biz Moskva ictimaiyyətinin qonaqpərvərliyindən çox mütəəssir olduq. 
   Tamaşalara sovet teatrının, musiqi aləminin, ədəbiyyat və incəsənətin ən görkəmli nümayəndələri baxmışdır. ...dekada zamanı Moskvanın dram və opera teatrlarında gördüyümüz bütün tamaşalar bizim üçün son dərəcə faydalı oldu. Bakıya qayıdıb gündəlik işə başladıqda Moskva təəssüratımızın bizə böyük köməyi olacaqdır.
   
   Üzeyir Hacıbəyovun “Ömrümün xoşbəxt günü” məqaləsindən 
   (“Bakinski raboçi” qəzeti, 20 aprel 1938)
   
   
   43 il əvvəl...
   
   Müharibə başlayandan az-sonra Üzeyir Hacıbəyov bütün bəstəkarları yanına çağırıb dedi: - Hərə bir mahnı yazmalıdır. Özü də qısa müddətdə! Marşlar üçün üç gün, iri həcmli əsərlər üçün uzaqbaşı bir həftə vaxt müəyyən olunur...
   Bəlkə də böyük sənətkar ömründə ilk dəfə idi ki, yaradıcılıqla əlaqədar belə tələb irəli sürürdü. Bu, zamanın hökmü idi. Bəli, hamı bu çağırışa səfərbər oldu... 
   O zaman "Yürüş marşı" da mənim payıma düşdü. Mahnını üç günə yazıb qurtardım; ilk dəfə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı xorunun ifasında eşidildi. 
   Müharibənin ilk günlərində "Fərhad və Şirin" dramı üçün musiqi yazmışdım. Sonra B. Zeydmanla birgə "Xalqın qəzəbi" adlı birpərdəli operanı tamamladıq. Bu əsər bir qayda olaraq müharibə illərində hər tamaşadan əvvəl göstərilirdi. Librettonu Ə. Məmmədxanlı, şerləri isə İ.Oratovski yazmışdır. 
   
   Cərgə-cərgə dəstə düzəlt, komsomol! 
   Gəldi zaman hünər göstər, igid ol! 
   Anan, bacın sənə deyir: "Yaxşı yol!". 
   Get düşmənə aman vermə davada, 
   Batır suda, vur quruda, havada. 
   
   Əfrasiyab Bədəlbəylinin “Yürüş marşı” məqaləsindən 
   ("Ədəbiyyat və incəsənət" qəzeti, 26 aprel 1975)