Ta qədimdən xalçaçılıq Azərbaycan qadınının xoş günündə baş ucalığı, evinin yaraşığı, dar günündə qazancı, balalarının çörəyi olub. Evin çörək gətirənini itirən analarımız maddi çətinliyə boyun əyməyiblər. Hana qarşısına keçib qəlblərinin hərarətini, gözlərinin nurunu barmaqlarının ucundan ilmə-ilmə saplara köçürərək sənət əsəri yaradıblar. 
   Xalça toxuyan sadə qadınların arasından elə ustalar, elə zəngin fantaziya sahibləri çıxıblar ki, onların əl işləri nəinki qonşunun, ananın, bacının işinə bənzəməyib, hətta özləri bilmədən fərqli naxışlar salıblar, yeni xalça çeşniləri yaradıblar. Beləcə, əsrlərin sınağından çıxaraq bu günümüzə gəlib çatan xalça növləri, formalaşan xalçaçılıq məktəblərinin təməli qoyulub. 
   Bu gün Azərbaycan xalçaçılıq sənəti ikinci baharını yaşayır. Bir tərəfdən Azərbaycan xalça sənəti nəzəri baxımdan öyrənilir, onun tarixi araşdırılır, dünyaya səpələnmiş xalçalarımızın təsnifatı aparılır, gah Qafqaz, gah da İran xalçası adı ilə tanıdılan xalçalarımızın haqqı özünə qaytarılırsa, digər tərəfdən də qədim, unudulan çeşnilər bərpa edilir, müvafiq xalçaçılıq məktəblərinə xas ornamentlər qorunmaqla yeni çeşnilər yaradılır. 
   Bu günlərdə Azərbaycan Xalça Muzeyində açılmış “Bakı xalçaları. Yeni çeşnilər” sərgisi Zirə Mədəniyyət mərkəzi - Ekoparkda bu sahədə görülən işlərə həsr olunmuşdu. Cəmi bir ilin içində bir neçə gənc rəssam xanım - Aynurə Əsədullayeva, Səbinə Qasımova, Vəfa Əlizadə və Könül Qədirova Bakı xalçaçılıq məktəbi ənənələri əsasında 29 (!) yeni xalça çeşnisi yaratmağa nail olublar. Həmin xalçalar tarixən Bakının 32 kəndində toxunmuş qədim və unudulmuş, hətta itirilmiş xalça çeşnilərinə yeni həyat veriblər, beləliklə, Bakı xalçaları qrupuna aid xalça növləri və çeşnilərinin sayını artırıblar. 
   Maraqlıdır ki, rəssam, xalçaçı xanımlarımız çeşni üzərində çalışıb, hana qarşısında sənət əsəri yaradanda görkəmli tədqiqatçı alim, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının professoru Kübra Əliyeva da “Bakı xalçaları. Yeni çeşnilər” kitabı üzərində çalışıb. 
   Nəfis tərtib edilmiş kitabın “Klassik Bakı xalçaları və bədii xüsusiyyətləri”, “Bakının “İçərişəhər” xalçası”, “Bakının xovsuz xalçaları” bölümlərində Azərbaycan paytaxtında tarixən toxunmuş xalça məmulatları, onları digər bölgələrimizin xalçalarından fərqləndirən naxış və ornamentlər barədə yığcam, amma ətraflı məlumat verilir, yeni yaradılan Bakı xalçaları barədə söz açılır. Hər xalça çeşnisi, onun eskizi barədə məlumatlar o qədər maraqlı təqdim edilir ki, insanda bu sənətə qarşı məhəbbət, xalçaçılıq sənətini yaşadan və təbliğ edən, ona yeniliklər gətirən istedad sahiblərinə hörmətin birə-beş artır. 
   
   * * *
   Ötən həftə Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” sərgisi çərçivəsində xalçaçı rəssamlar və kitabın müəllifi Kübra Əliyeva ilə maraqlı keçən görüşdən çıxıb başqa bir iş ardınca tələsirdim. Muzeydə hədiyyə edilmiş kitab-albomu əlimdə tutmuşdum. Muzeydən avtobus dayanacağınadək olan təxminən 50-60 metrlik yolda dörd nəfər yaxınlaşıb bu kitabı haradan almağın mümkünlüyünü soruşdu. Deməli, kitaba, milli mədəni irsə münasibət heç də bəzilərinin “kimə lazımdır” deyə düşündüyü qədər pis deyilmiş. Yetər ki, sənətini sevənlər onu sevdirə, bu sevgini paylaşmağı bacarsınlar. 
   
   G.Mirməmməd