Ənənəvi konfrans azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub
Aprelin 24-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI respublika elmi-nəzəri konfransı keçirilib.
İnstitutun direktoru, akademik Teymur Kərimli konfransın ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına əsasən təşkil edildiyini bildirib. Akademik XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və etnik təmizləmə siyasətindən, soyqırımlarından söz açıb.
Plenar iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlər, soyqırımları, Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsində mənfur qonşularımızın törətdikləri vəhşiliklər və digər məsələlərə siyasi qiymət verilməsi ilə yanaşı, elmi qiymətin də verilməsinin vacibliyini vurğulayıb. Bu məsələlərə ilk dəfə obyektiv siyasi-hüquqi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmana əsasən martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Akademik Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamından irəli gələn vəzifələrdən də bəhs edib.
Sonra professorlar Aybəniz Əliyeva-Kəngərlinin “Erməni vandalizmi”, Paşa Kərimovun “1918-ci ilin mart hadisələri sənədlərdə (Əlyazmalar İnstitutunun materialları əsasında)”, Gülbəniz Babaxanlının “Erməni terroru, yaxud M.S.Ordubadinin “Vətən fəryadnaməsi”, Kamandar Şərifovun “Məhv edilmiş kitabxana”, Nailə Səmədovanın “Qanlı hadisələrin xatirələrdə əksi”, dosent Əzizağa Nəcəfovun “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində mart soyqırımı faktları” mövzularında məruzələri dinlənilib.
Konfrans işini bölmələrdə davam etdirib.
------------------------------------------------------------
Yeri gəlmişkən...
Özbəkistanın tanınmış ədəbiyyatşünas alimi, professor Həmidulla Boltabayevlə AMEA-nın Əlyazmalar İnstitutunda keçirilən görüşdə iki ölkənin müvafiq qurumları arasında əlyazma surətlərinin mübadiləsinin genişləndirilməsi qərara alınıb. Bildirilib ki, bu, hər iki qardaş xalqın mədəniyyət və ədəbiyyat tarixinin hərtərəfli yazılmasına yardım edə bilər. Qeyd olunub ki, Azərbaycan və Özbəkistanın əlyazma mənbələrində hər iki ölkənin tarixinə, ədəbiyyatına dair dəyərli məlumatlar var və bu məlumatlar gələcək tədqiqatlarda mütləq nəzərə alınmalıdır.