Bakı Musiqi Akademiyası elmi laboratoriyasının 25 yaşı tamam olur
Aprelin 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasının 25 illiyinə həsr olunmuş konfrans keçirilib.
Akademiyanın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək laboratoriya əməkdaşlarının 25 il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, laboratoriyada musiqişünaslıq, etnomusiqişünaslıq, sənətşünaslıq, musiqi fəlsəfəsi, musiqi tarixi, kulturologiya kimi tədqiqat istiqamətləri formalaşıb. Burada çalışan işçilərin tədqiqatları çoxsaylı məqalələr, monoqrafiyalar, dərs vəsaitlərində öz əksini tapıb və bütün bunlar təhsilin elmi bazasının inkişafına xidmət edib. Elmi laboratoriyanın əməkdaşlarının fəal iştirakı ilə bir sıra elmi-praktik konfranslar təşkil edilib, şifahi ənənəli musiqinin tarixi və nəzəri məsələləri, Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş elmi məqalələrdən ibarət toplular oxucuların ixtiyarına verilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, laboratoriyanın 25 illik fəaliyyəti münasibətilə “Müasir musiqişünaslığın aktual məsələləri: elmi məqalələr və materiallar” toplusunun birinci buraxılışı nəşr olunub. Topluya laboratoriya əməkdaşlarının son illər yerinə yetirdikləri maraqlı elmi işlər daxil edilib.
Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.