Aprelin 24-də Türkiyənin Mersin şəhərində IV Türk Dünyası Teatr Günləri başlayıb. Mersin Bələdiyyəsi Mədəniyyət və sosial işlər idarəsinin təşkil etdiyi ənənəvi festival aprelin 30-da başa çatacaq. 
   Türkiyə mediasının yazdığına görə, bir həftə ərzində Azərbaycan, Qaqauziya (Moldova), İran, İraq, Şimali Kipr, Suriya, Tatarıstan və Türkmənistanın teatr kollektivləri Mersin şəhər teatrları ilə birlikdə bölgə sakinlərinə və qonaqlara türk xalqlarının teatr mədəniyyətini bir daha tanıdacaqlar. 
   Bu il teatr günlərində ölkəmizi Sumqayıt Dövlət Dram Teatrı təmsil edir. Kollektiv tanınmış türk dramaturqu Turqut Özakmanın “Ocaq” pyesi ilə sənət bayramına qatılıb. Festivalın açılışı elə bizim teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa ilə başlayıb. Firudin Məhərrəmovun Mersin şəhərindən qəzetimizə verdiyi eksklüziv açıqlamaya görə, sumqayıtlılar “Ocaq” tamaşasını ayın 27-də təkrar oynayacaqlar. 
   Bir ailənin dörd övladından heç birinin həyatda öz yerini tapa bilməməsinin səbəblərini göstərən “Ocaq” tamaşası Sumqayıt teatrının cari mövsümdəki ilk premyerasıdır. Tamaşada əməkdar artistlər Fəranə Musayeva, Rauf Atakişiyev və Cəlal Məmmədov, aktyorlar Xatirə Süleymanova, Oktay Mehdiyev, İlahə Səfərli və Şəmistan Süleymanlı çıxış edirlər. 
   
   Gülcahan