Aprelin 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbinin yaranmasının 55 illiyinə həsr olunmuş yekun-hesabat konserti keçirildi. Tədbirdə Mədəniyyət Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, incəsənət xadimləri iştirak edirdi.
   Tədbiri məktəbin direktoru, bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifova açaraq əvvəlcə iştirakçıları salamladı. Tədris ocağının tarixindən söz açan direktor bildirdi ki, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan 6 saylı onbirillik Uşaq incəsənət məktəbi 1962-ci ildə yaradılıb. Burada 400-dən çox şagird incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, 15 ixtisas üzrə 85 müəllim çalışır. 2013-cü ildə məktəbin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Müəllim kollektivi gələcəyin musiqiçiləri və rəssamlarının sənət zövqünün formalaşmasında, istedad və bacarıqlarının üzə çıxarılmasında zəhmətini əsirgəmir. Çox şadıq ki, məktəbimizin istedadlı şagirdlərinin səsi-sorağı respublika və beynəlxalq miqyaslı müsabiqələrdən gəlir.
   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, G.Şaroyev adına 35 saylı Uşaq musiqi məktəbinin direktoru Yusif Vəliyev çıxış edərək əvvəlcə məktəbin müəllim kollektivini ürəkdən təbrik etdilər. Çıxışçılar şagirdlərin estetik tərbiyəsində, sənət yolunda ilk uğurlar qazanmasında pedaqoji kollektivin əməyini yüksək qiymətləndirdilər. Bildirdilər ki, məktəbin yetirmələrinin beynəlxalq müsabiqələrdə əldə etdikləri nəticələr fəxr ediləsi uğurdur. 
   Çıxışlardan sonra bədii hissəyə keçildi. Yubilyar məktəbin şagirdlərinin ifasında F.Əmirovun “Gözün aydın”, S.Fərəcovun “Maymaq pişik”, A.Yusifovanın “Kap, kap, kap”, eləcə də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayev) müşayiəti ilə İ.S.Baxın “Fortepiano və simfonik orkestr üçün konsert”, V.A.Motsartın “Fleyta və simfonik orkestr üçün konsert”, L.V.Bethovenin “Fortepiano və simfonik orkestr üçün konsert”i səsləndi.
   Proqramda həmçinin G.Şaroyev adına 35 saylı onbirillik Musiqi məktəbi şagirdlərinin ifasında T.Bakıxanov, K.Tsabadze, H.Xanməmmədov və A.Dadaşovun simfonik orkestr üçün konsertləri, Ə.Abbasovun “Gənclik rəqsi” ifa olundu. 
   Çıxışlar alqışlarla qarşılandı.
   
   Savalan Fərəcov