Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub. 
   Konsertdə ölkənin müxtəlif musiqi məktəblərində təhsil alan yeniyetmə və gənc istedadlar - musiqiçi və vokalçılar Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məharətlərini nümayiş etdiriblər.
   Orkestri Musiqili Teatrın gənc dirijoru, beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov müşayiət edib. Gənc dirijorun idarə etdiyi konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
   Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən O.Həşimov bir sıra müsabiqə və festivalların diplomuna layiq görülüb. Hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Polşanın Qdansk şəhərində F.Şopen adına Polşa-Baltik, Budapeşt “MAV” simfonik orkestrləri və s. kollektivlərlə əməkdaşlıq edir.