Layihə çərçivəsində məktəblilərə kitab bağlamaları hədiyyə edilib
   
   Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkənin görkəmli şəxsiyyətlərinin gələcək nəsillərə tanıdılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata keçirilib.
   Layihə aprelin 23-də Türkiyə Respublikası Baş Nazirliyi yanında Türk İnkişaf və Əməkdaşlıq Agentliyi (TİKA), Gəncliyə Yardım Fondu və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Dövlət Mahnı Teatrında reallaşıb. Türkiyənin rəsmi bayramı, 23 aprel - Milli suverenlik və uşaq gününə təsadüf edən tədbirdə əvvəlcə iki qardaş ölkənin himnləri səsləndirilib.
   Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək uşaqlarımıza əsas insani dəyərlərlə birlikdə milli və mənəvi dəyərlərimizin də öyrədilməsinin əsas vəzifələrdən biri olduğunu söyləyib. Bildirib ki, Azərbaycan və Türkiyə köklü tarixə və zəngin mədəni mirasa sahibdir. Qardaş dövlətlər arasında mədəni əlaqələrin inkişafı isə ortaq dəyərlərimizin yenidən gündəmə gətirilməsi ilə mümkündür. 
   Qeyd olunub ki, Respublika Uşaq Kitabxanası neçə illərdir ki, beynəlxalq layihələrin təşəbbüskarı kimi də çıxış edir. 2009-cu ildə Azərbaycanda “Uşaq ili” ilə əlaqədar 20-dən çox səfirliyin qatıldığı “Dünya uşaq ədəbiyyatı inciləri” beynəlxalq sərgisi, 2014-cü ildə keçirilən “Dünyanın mədəniyyət rəngləri”, 2015-ci ildə Türk uşaq ədəbiyyatı həftəsi kimi layihələr bu qəbildəndir. “Kitab tutan balaca əllər” də bu sırada daha bir tədbirdir.
   Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TİKA-nın ölkəmizdəki koordinatoru Adəm Urfa, Türkiyədən dəvət olunmuş yazarlar Mustafa Tatçı, Veysel Akkaya və başqaları tədbirdə iştirakdan böyük fərəh hissi keçirdiklərini bildiriblər. Natiqlər ortaq mədəniyyətimizin tarixi şəxsiyyətlərinin gələcək nəsillərə, xüsusilə də gələcəyimizin təminatçısı olan uşaqlarımıza tanıdılmasının böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər.
   Qeyd olunub ki, “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində türk uşaq yazarlarının kitabları Azərbaycan dilinə çevrilərək çap olunub və bütün uşaqlara hədiyyə (9 kitab) olunacaq. 
   Layihə çərçivəsində Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 4 nömrəli orta məktəbin şagirdlərinin ifasında konsert proqramı və ədəbi-bədii kompozisiya təqdim olunub.
   Tədbirin sonunda Türkiyənin tanınmış uşaq ədəbiyyatı yazarlarının Azərbaycan türkcəsinə çevrilmiş nəfis tərtibatlı kitablarından ibarət 200-dən çox kitab bağlaması uşaqlara paylanılıb. Məktəblilərə Hayati Bicenin “Yəsəvi atadan hekayələr”, Firdevs Kapusızoğlunun “Çitləmbikin macəraları”, Veysel Akkayanın “Mövlana Cəlaləddin Rumi”, Əyyub Sultan, Əziz Mahmud Hüdayi, Mustafa Tatçının “Azərbaycan müdrikləri” və başqa kitablar hədiyyə edilib.