Aprelin 26-da Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlalın 110 illiyinə həsr edilmiş kitab sərgisi açılıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək ədibin yaradıcılığından söz açıb. Bildirib ki, Mir Cəlal bu gün bir çox dillərə tərcümə olunan roman, povest və hekayə müəllifi kimi xatırlanır. Onun bütün əsərləri real həyatdan götürülüb. Bu əsərlərdəki real həyatın əksi onlara oxucu marağını artırıb.
Diqqətə çatdırılıb ki, Milli Kitabxana yazıçının xatirəsini əbədiləşdirmək üçün əhatəli, sanballı biblioqrafiya hazırlayıb.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova ədibin yaradıcılığı haqqında məlumat verərək, onun elmi fəaliyyətindən və Azərbaycan ədəbi mühitinin inkişafında xidmətlərindən bəhs edib.
Sonra iştirakçılar kitab sərgisi ilə tanış olublar. Bir həftə davam edəcək sərgidə ədibin 200-dən çox kitabı və elmi əsərləri yer alır.