Aprelin 23-dən 25-dək Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi (MSXƏEBM) tərəfindən “Xilas edilmiş mədəni sərvətlər” mövzusunda sərgi-seminar keçirilib. Tədbirin məqsədi regionlardakı muzey, qalereya Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını qurumun fəaliyyəti ilə tanış etməkdir.
Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşlarının iştirak etdiyi seminarda qeyd olunub ki, ölkəmizdə muzey sərvətlərinin bərpa işinin təməli 1957-ci ildə ilk professional bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. Bu gün Elmi Bərpa Mərkəzinin əsas vəzifəsi Mədəniyyət Nazirliyinə tabe olan muzeylərdə bərpaya ehtiyacı olan əşyaların qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.
İndiyədək Elmi Bərpa Mərkəzində 20 minə yaxın müxtəlif muzey eksponatı bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb. Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özünə layiqli mövqe qazana bilib.
Sonda tədbir iştirakçıları muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən fotosərgi ilə tanış olublar.
Lalə Azəri