“Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik” 
   
   Biz bütün sahələrdə - mədəniyyət, təhsil, incəsənət, humanitar sahələrdə daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var, bizi birləşdirən yaxın tarix var. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 25-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında deyib.
   Həmin gün Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. İclas başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
   Dövlət başçıları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzalayıblar.
   Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
   İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. 
   Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunacağını vurğulayaraq yubiley münasibətilə bütün Azərbaycan xalqını təbrik edib. Bildirib ki, Azərbaycan istiqlalına tarixi töhfə vermiş Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb: “2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında, Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir”.
   Prezident İlham Əliyev öz növbəsində iki qardaş ölkənin münasibətlərinin dünyada bənzəri olmadığını deyib: “Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik. Bu gün Türkiyə və Azərbaycan bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir. Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik”.
   Prezident vurğulayıb ki, bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir: “Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq”. 
   Dövlət başçısı diqqətə çatdırıb ki, bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birgə qeyd edəcəyik: “Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq”.