Aprelin 26-da Bakı Yunus Əmrə İnstitutunda Seyhan Karakaş və Minə Bakırın təqdimatında konsert proqramı təqdim edilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi konsertdən öncə çıxış edərək belə tədbirlərin iki qardaş xalq arasında dostluq əlaqələrinin inkişafına töhfə olduğunu söyləyib.
Konsertdə türk sənətçisi Seyhan Karakaşın ifasında qədim tarixə malik türk musiqi nümunələri səsləndirilib. Həmin mahnıların dinləyicilərə tanıdılması üçün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunu, əslən Türkiyədən olan Mina Bakır ətraflı məlumat verib.
Konsertdə “Sənə nə oldu könül, şad olmayırsan?”, “Unutturamaz”, “Mümkünmü unutmaq, gözəlim, ismini” və digər musiqi nömrələri və onların yaranma tarixi haqqında söylənən əhvalatlar tamaşaçıların marağına səbəb olub.