Soydaşımızın Estoniyada quruluş verdiyi tamaşaya mövsüm sonunadək biletlər satılıb
Estoniya Rus Teatrında (Vene Teater) XX əsrin görkəmli rus dramaturqu Aleksandr Vampilovun “Ördək ovu” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Səhnə əsərinə Finlandiyada yaşayan soydaşımız, tanınmış teatr rejissoru və rəssamı Kamran Şahmərdan quruluş verib.
Estoniya kütləvi informasiya vasitələri tamaşaya böyük maraq göstərdiklərindən və həmin reportajları və tamaşa barədə tənqidçi qeydləri teatrın portalında yerləşdirdiyindən bizim də bu səhnə əsəri haqqında müəyyən təəssüratımız yaranıb. Teatr tənqidçiləri Estoniya və Rusiyada çox məşhur olan aktyor Aleksandr İvaşkeviçin baş qəhrəman - Zilov rolunda çıxış etməsini artıq tamaşanın uğuru hesab etsələr də, hər halda “Ördək ovu”nun yeni səhnə təcəssümünə maraqlı münasibət də sərgiləyirlər.
Çexov ənənələrinin davamçısı sayılan Vampilovun bu əsəri yazıldığı dövrdə - ötən əsrin 60-cı illərində hər kəsin toxunmağa cəsarət etmədiyi bir məsələnin məğzini açır: 40 yaşına çatmış insanın həyatdakı yeri barədə düşüncələri və orta yaş sindromu. Qeyd olunan problem bu gün də aktualdır. O üzdən “Ördək ovu” kimi pyeslərə təkcə sovet dövrünü yaşamış nəslin yox, daha gənc nəslin də marağı artır.
“Raadio 4” kanalına müsahibə verən quruluşçu rejissor Kamran Şahmərdan deyir:
- “Ördək ovu” çox qəliz pyesdir. Onda Çexov teatrının əks-sədası eşidilsə də, müasir dövrün səsləri də gəlir. Pyesdəki zaman anlayışı yekcins deyil. Keçmiş və bu gün arasında səsləşmə var: baş qəhrəman nə vaxtsa baş vermiş hadisələrin fraqmentlərini yaddaşında bərpa edir. Sanki Zilov ətrafındakı insanların yaşadığı zamanın fövqündədir. Əlbəttə, bunu onun içkili, başının daim dumanlı olmağı ilə də izah etmək olardı, amma Zilov əvvəllər də öz zamanının ritmindən kənarda idi. O, ayırd edə bilmədiyi nələrinsə davamlı intizarında yaşayır. Digər tərəfdən isə, Zilov mənasız həyatdan, özündən qaçmaq üçün bayram düzüb-qoşan bir adamdır: təki tənha qalmasın! Elə bizim tamaşamız da bu barədə, tək qalan insanın öz-özü ilə danışmağa başladığı və cavab olaraq özü barədə o qədər də xoş olmayan maraqlı həqiqəti eşitməsi barədədir.
Ola bilsin ki, bu tamaşa barədə teatr tənqidi hələ çox fərqli fikirlər söyləyəcək. Amma hər halda veneteater.ee elektron portalı məlumat verir ki, «Ördək ovu»na maraq böyükdür: teatr mövsümünün sonunadək bu tamaşaya bütün biletlər artıq satılıb.
Gülcahan